Azərbaycan milli komandasının sabiq qapıçısı, vaxtı ilə "Sumqayıt", "Tavşanlı Linyitspor", "Sumqayıt", "Qəbələ", "Polyana", "Minay", "LNZ Çerkassı" klublarında oynamış Andrey Popviç apasport.az saytına müsahibə verib.
Hazırda Ukraynada "Aqrobiznes" klubunun qapısını qoruyan 31 yaşlı futbolçu futbolumuzun hazırkı durumundan da danışıb.
- "Aqrobiznes"dəki karyeran necə gedir? Premyer Liqaya yüksəlmək şansınız var?
- Hər şey yaxşı gedir. Biz final mərhələsinə vəsiqə qazandıq. Birbaşa şansımız yoxdur. Amma təsnifat mərhələlərindən Premyer Liqaya çıxa bilərik. Mübarizəmizi davam etdiririk. İnanıram ki, hər şey biz istəyən kimi gedəcək.
- Ukrayna birinci liqasının səviyyəsini necə dəyərləndirirsən? Azərbaycanda qazandığın qədər qazana bilirsən?
- Düzü, qarşısına Premyer Liqaya çıxmaq məqsədi qoyanlarda maddi məsələlər çox yaxşıdır. Şərait də normaldır. Amma digər komandalarda vəziyyət fərqlidir, bir az aşağıdır. Üstəlik, müharibəyə görə bir çox klubların büdcələri də aşağı düşdü. Hamısının təsiri var.
- Ukraynada müharibə şəraiti davam edir. Bu vəziyyətdə futbol oynamaq necə hisdir, matçlara hansı atmosferdə çıxırsız?
- Əlbəttə ki, çətindir. Oyunlar zamanı xəbərdarlıqlar edilir. Hər iki komanda meydandan ayrılır. Bəzən olur ki, bir oyun 3-4 saata başa çatır. Təbii ki, bu pauzalara görədir. Hətta bir oyunumuz oldu ki, bu gün meydana çıxdıq, matçı sabah bitirdik. Yəni bu cür çətinliklər var, amma hazırkı durum belədir.
- Azərbaycan futbolunu necə, heç izləyirsən? Son vaxtlar sənin üçün əsas diqqət çəkən məqam hansıdır?
- Xəbərləri izləyirəm, baxıram ki, hansı komanda necə oynayıb. Çempion isə hər zamankı kimi bəllidir. İndi də belədir. "Qarabağ" yenə də liderdir. "Qəbələ" isə təəccüblü şəkildə sonuncu pillədədir. Bu komandaya görə çox üzülürəm.
- Ukraynada səndən "Qarabağ"ın avrokuboklardakı uğurlarından danışıb, bu komanda haqda suallar verirlər?
- Bəli, mənim Azərbaycanda oynadığımı bilirlər. Bəzən də məndən "Qarabağ" haqda soruşurlar, suallar verirlər. Bu komanda haqda danışırıq.
- Azərbaycana qayıtmaq variantın var idi? Əgər belə təklif olarsa, hansı cavabı verəcəksən?
- "Aqrobiznes"lə müqaviləm mövsümün sonuna qədərdir. Düzü, Azərbaycan Premyer Liqası klublarından təklif almamışam. Əgər təklif olarsa, təbii ki, bu haqda fikirləşəcəm. Sadəcə hazırda müharibə şəraitindəyik. Belə vəziyyətdə isə ölkəni tərk etmək elə də asan məsələ deyil. Ona görə də, indidən bu haqda danışmaq doğru olmazdı.
- Ukraynadan Azərbaycana gələn Rüstəm Əhmədzadə, Eldar Quliyev, Anatoli Nuriyev barədə fikrin necədir?
- Anatoli Nuriyevlə dostluq münasibətimiz var. Onunla tez-tez danışırıq, söhbətləşirik, mesajlaşırıq. O da yaxşı oynayır. Sadəcə anlamıram ki, onu niyə Azərbaycan milli komandasına dəvət etmirlər. Eldar Quliyev haqda məlumatım var, əvvəllər Ukraynada oynadığını bilirəm. Lakin onunla şəxsən tanışlığım yoxdur. Rüstəm Əhmədzadə ilə də münasibətim yoxdur.
- Yeri gəlmişkən, Ukrayna futbolunun yetirməsi olan Emil Mustafayev Azərbaycan milli komandasında debüt etdi. Onunla bağlı nə düşünürsən? Səncə, Azərbaycan milli komandasının yeni ulduzu ola bilər?
- Emil Mustafayev pis futbolçu deyil. Perspektivli gənc futbolçudur. Düşünürəm ki, Azərbaycan millisindəki işləri yaxşı alınacaq. Gələcəkdə necə olacağını görəcəyik. Əsas odur ki, debütü yaxşı alındı və ilk oyundaca özünü göstərə bildi.
- Azərbaycan milli komandasının performansı barədə fikrin necədir? Son olaraq Monqolustana 1:0 qalib gəldilər. Səncə, Azərbaycan nə vaxtsa Gürcüstan yığması kimi uğurlu çıxış edə bilər?
- Azərbaycan millisi haqda nə deyəcəyimi bilmirəm. Gürcüstanda uzun illərdir ki, gənc futbolçular Avropaya gedir, oralarda oynayırlar və sonda Gürcüstan milli komandası da güclü yığmaya çevrilir. Azərbaycanda isə ildə bir futbolçu xaricə yollanacaq, vəssalam. Ramil Şeydayev "Qarabağ"ın heyətində avrokuboklarda yaxşı oynayır. Avropanın yaxşı liqalarından birinə getməkdənsə, Taylanda gedir. Milli bilirsiz nə vaxt güclənəcək, nə vaxt udacaq? Nə vaxt ki, futbolçular Avropaya gedib, orada oynayacaq. Bu, şəxsən mənim fikrimdir.