Azərbaycanı futzal üzrə UEFA Çempionlar Liqasında təmsil edəcək “Araz-Naxçıvan” braziliyalı futzalçı ilə anlaşıb.
Apasport.az xəbər verir ki, ölkə çempionu Alisson Damasceno Masiel (Kadinyo) ilə müqavilə bağlayıb.
Cinah oyunçusu mövsümün sonuna qədər “qırmızı-ağlar”ın formasını geyinəcək. O, cari ilin yanvarından Qazaxıstanın “Jetisu” klubunda çıxış edib. Bu komandanın baş məşqçisi Azərbaycan millisinin və “Araz-Naxçıvan”ın keçmiş oyunçusu Biro Jadedir.
Kadinyo Braziliyada ESMAC və “Quarani” klublarında çıxış etdikdən sonra İspaniya təmsilçisi “Ribera Navarra”ya keçib. Burada 12 oyunda meydana çıxan və 1 qol vuran 29 yaşlı futzalçı 2022/2023 mövsümündə Fransa “Nantes Metropole”sinin uğurları üçün tər töküb.
Qeyd edək ki, “Araz-Naxçıvan” UEFA Çempionlar Liqasının ilkin mərhələsində “Sparta Belfast” (Şimali İrlandiya), “Sillamae Silla” (Estoniya) və “Uddevalla” (İsveç) klubları ilə qarşılaşacaq. Oyunlar avqustun 20-dən 25-dək İsveçdə keçiriləcək.