"Araz-Naxçıvan"ın hücumçusu: "Azərbaycan kubokunu qazanmaq istəyirik" - Müsahibə
22.12.2023 - 12:20
"Araz-Naxçıvan"ın hücumçusu: "Azərbaycan kubokunu qazanmaq istəyirik" - Müsahibə

“Araz-Naxçıvan”ın forvardı, ölkə kubokunda dublla yadda qalan Elvis Maşike apasport.az saytına müsahibə verib:


- Azərbaycan kubokunun 1/8 final mərhələsində “Araz-Naxçıvan” “İrəvan”la qarşılaşdı. Bu görüşdəki 8:2 hesablı qələbəni necə şərh edərdiniz? Belə qələbə gözləyirdiniz?
- Məşqçilər oyundan əvvəl bizə dedilər ki, “İrəvan” yaxşı oyunçuları olan, güclü komandadır. Ona görə də hesabın bu qədər böyük olacağını gözləmirdik. Oyunun ilk dəqiqələrində də gördük ki, asan matç olmayacaq. Bununla belə, üzərimizə düşən məsuliyyəti dərk etdik və çoxlu qollar vura bildik. Buna görə şadıq. Hər halda, komanda növbəti mərhələyə adladı.


- Bu görüşdə meydana sonradan daxil olsan da, iki qol vurdun. Start heyətində olsaydın, daha çox qol vurardın?
- Mən meydana daxil olanda biz qalib gəlirdik, rəqibin motivasiyası düşmüşdü, ona görə də iki qol vurmaq məmim üçün yaxşı şans idi. Təbii ki, hər bir qol həm komanda, həm də mənim üçün önəmlidir. Matça start heyətində başlasaydım, nə qədər qol vurardım, deyə bilmərəm. Bunu nəinki mən, heç kim deyə bilməz.


- Rəqibiniz birinci divizion təmsilçisidi. Birinci divizion klubunun səviyyəsi çox aşağı görünürdü? Premyer Liqa klublarına qarşı oynamaqla Birinci Liqa klubuna qarşı oynamaq arasında böyük fərq var?
- Düşünürəm ki, ilk hissədə rəqibimiz pis oynamadı. Özlərinə arxayın idilər və oyuna çox yaxşı başladılar. Deyərdim ki, Premyer Liqa ilə Liqa 1 klubları arasında böyük fərq var. Premyer Liqa klubları çox qaçmaq və 90 dəqiqə bu tempi davam etdirmək üçün daha çox məşq edirlər. Məsələn, “İrəvan”la görüşdə gördüm ki, rəqibimiz birinci hissədə bütün gücünü meydanda qoydu, ikinci hissədə isə gücləri qalmadı.


- Azərbaycan kubokunu qazanan komanda Avropa Liqasına vəsiqə qazanacaq. Buna görə kuboku daha çox qazanmaq istəyirsən? Avropa Liqasına vəsiqə qazanmaq motivasiyanı artırırmı?
- Hər bir komanda Kuboku çox ciddi qəbul edir. Çünki bu, Avropa Liqasında olmaq üçün “daha asan və daha qısa” yoldur. Eynilə, biz buna çox ciddi yanaşırıq. Azərbaycan Kubokunu qazanmaq üçün çox həvəsliyik, motivasiyalıyıq. 


- “Araz-Naxçıvan” ölkə çempionatında yaxşı çıxış edir. Komanda dördüncü pillədə qərarlaşıb. Ən azından mövsümü bu mövqedə başa vura biləcəksiniz?
- Bu yerdə qalmaq ambisiyamız var. Klubumuzun məqsədi turnir cədvəlində mümkün qədər yüksəkdə yer almaqdır. Amma hər şey öz əlimizdədir. Şübhəsiz ki, növbəti matçda qalib gəlmək üçün əlimizdən gələni edəcəyik. Bu həftə sonundan sonra hansı mövqedə olduğumuzu görəcəyik.


- Mətbuatda yazırlar ki, qışda “Araz-Naxçıvan”ı tərk edə bilərsən. Komandada qalacaqsan və ya qalmaq istəyirsən? Azərbaycan Premyer Liqasını bəyənirsən?
- Bunu kimin dediyini bilmirəm, amma getməyimlə bağlı heç nə eşitməmişəm. Hələ də “Araz-Naxçıvan”la müqaviləm var. İndi oynadığım hər dəqiqə komanda üçün mübarizə aparıram, əlimdən gələni edirəm. Mənim işim futbol oynamaqdır, bundan sonra nə olacağı isə menecerimdən asılıdır. “Araz-Naxçıvan”da qalsam, növbəti addımı müzakirə etmək lazımdır. Azərbaycanda qalmaq istərdim, Premyer Liqa çox rəqabətli olduğu üçün xoşuma gəlir. Azərbaycanı və insanları da bəyənirəm. 


- 2023-cü ilin son oyununda "Turan Tovuz"la qarşılaşacaqsınız. Həmin oyunda "Araz-Naxçıvan"ın qələbə şanslarını necə qiymətləndirirsiniz? Sizcə, səfərdə “Turan Tovuz”u məğlub edə biləcəksiniz?
- Maraqlı matç olacaq. Həmişə dediyim kimi, hər şey özümüzdən asılıdır. Bu, vacib oyundur, çünki biz turnir cədvəlində yüksək pillədə qalmaq və yarımmövsümü qələbə ilə başa vurmaq istəyirik. Düşünürəm ki, biz bunu bacarıb 3 xalı gətirə bilərik, amma bu, şübhəsiz ki, asan olmayacaq.

writer photo
Əlirza Əlirzalı
0