“Bu, görünməmiş hissdir. “Neftçi” titulları olan çox çətin komandadır”.
Apasport.az saytının məlumatına görə, bunu Limassol “Aris”inin prezidenti Lisandros Lisandrou Konfrans Liqasının II təsnifat mərhələsində “Neftçi”yə rəqib olmalarına münasibət bildirərkən deyib.
Kipr klubunun rəhbəri meydana mərhələ adlamaq üçün çıxacaqlarını söyləyib: “Mübarizə aparacağıq, hədəfimiz növbəti mərhələyə adlamaqdır. Komandamız sabahdan təlim-məşq toplanışına başlayacaq. Bir neçə futbolçu ilə yollarımızı ayırmışıq. Yeni hücumçular, həmçinin müdafiəçi və yarımmüdafiəçi alacağıq”.
Prezident yeni Limassol stadionunun hələ hazır olmadığını sözlərinə əlavə edib: “Görünən odur ki, ot örtüyünün salınması səbəbindən stadion avqustun sonunda hazır olmayacaq. Bu, yəqin ki, daha iki ay vaxt aparacaq. Güman edirəm ki, oktyabrın sonuna kimi hazır olacağıq”.
Qeyd edək ki, “Neftçi” ilə “Aris” arasında ilk oyun iyulun 21-də Kiprdə, cavab görüşü isə ayın 28-də Azərbaycanda keçiriləcək.