Bu gün AVRO-2024-ün seçmə mərhələsinin püşkü atılacaq.
Apasport.az saytının mütəxəssis komandası Azərbaycan yığması üçün arzulanan və arzuolunmaz qrupu müəyyənləşdirib.
Uğurlu püşk, yaxşı oyun və bir az da bəxtin sayəsində hətta Almaniyadakı final mərhələsinə vəsiqəyə ümid etmək olar. Bu, bir arzudursa, baş məşqçi Canni de Byazi də onun istefasına səbəb ola biləcək qrupa düşməmək üçün dua etməlidir. 4-cü səbətdə yer alacaq yığma üçün perspektivi nəzərdən keçirək.
1-ci səbət
Bu səbətin komandaları ilə oyunlar barədə düşünmək belə yığmamız üçün qorxuludur. Güclülər üzərində qələbə hətta xəyaldan da artıqdır. Düzdür, Xorvatiya və İsveçrə ilə təsadüfi uğurlar olub. Amma burada ən münasib rəqib kimi Polşa ilə Macarıstan görünür. Ən azı bir xal və ya az qol buraxmaq üçün. Burada bütün komandalar arzuolunmaz olsa da, Portuqaliya ilə əvvəlki matçlar bu komandanı daha təhlükəli saymağa əsas verir.
2-ci səbət
Uzun illər 2-ci səbət millimiz üçün qorxunc olsa da, bu dəfə yalnız Fransa və İngiltərə daha təhlükəlidir. Son dünya çempionunun kimliyini və Oser faciəsini xatırlasaq, üçrənglilərdən qaçmağa dəyər. Bu səbətdə vaxtilə xallar aldığımız, qeyri-sabit olan komandalar da var. Bosniya və Herseqovina, Finlandiya, İsrail arasında seçim etsək, sonuncuları arzulamağa dəyər.
3-cü səbət
Fransa və İngiltərəni saymasaq, 2-ci və 3-cü səbətlər arasında böyük fərq yoxdur. Ermənistanın bizə rəqib ola bilməyəcəyi səbətdə İsveç və Halandlı Norveç daha təhlükəli görünür. Amma əvvəlki oyunlarımıza əsasən Zlatan İbrahimoviçin davamçıları daha arzuolunmazdır.
İslandiya, Sloveniya, Monteneqro və Albaniya ilə mübarizə aparmaq mümkündür. Sonuncular AVRO-2016-dan sonra enişdədir və Canni de Byaziyə yaxşı tanışdır. Bu üzdən niyə də Albaniya ilə qarşılaşmayaq?
5-ci səbət
Bu səbətdə Slovakiya istisna olmaqla, heç bir rəqibdən qorxmağa dəyməz. Düzdür, bu komandanı da büdrətdiyimiz vaxtlar da olub. Amma Trnavadakı son qələbə rəqibdə revanş hissi yaradıb. Digərlər yığmalara gəlincə, hər birindən 6 xal da almaq mümkündür, xalsız qalmaq da istisna deyil. Bunu əvvəlki oyunların təcrübəsi də göstərir. Amma enişdə olan Moldovanı daha münasib saymaq mümkündür.
6-cı səbət
Daha yaxşı nəticə üçün 6 komandalı qrup arzulamağa dəyər. Ən azı burada 6 xal perspektivi var. Burada üç ən zəif komanda olsa da, San-Marino daha asan sayılır. Şəxsi görüşlərin nəticələri belə deməyə əsas verir.
Arzuların qrupu
Macarıstan
İsrail
Albaniya
Litva
Azərbaycan
San-Marino
Arzuolunmaz qrup
Portuqaliya
Fransa
İsveç
Slovakiya
Azərbaycan
Qeyd edək ki, seçmə mərhələnin oyunları 2023-cü ildə keçiriləcək.