Aslan Şahgəldiyev: “Bunlardan qorxmuruq”
18.07.2023 - 15:51
Aslan Şahgəldiyev: “Bunlardan qorxmuruq”

"Komandalar heyətlərini gücləndirir, yaxşı təlim-məşq toplanışı keçirlər. Klublarımız daha da peşəkarlaşırlar”. 

Apasport.az saytının məlumatına görə, bunu Peşəkar Futbol Liqasının (PFL) vitse-prezidenti Aslan Şahgəldiyev Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün püşkatması zamanı deyib.

O bildirib ki, illər sonra ölkə çempionatında idman prinsipi qorunub: “Premyer Liqada sonuncu yerdə olan birinci diviziona düşdü. Bu, elitada mübarizəni də gərginləşdirmişdi. Çalışmalıyıq ki, hər mövsüm bu qorunsun. "Araz Naxçıvan"da infrastruktur problemi var. Ya qeyd-şərtsiz çempionu buraxmalı ya da hansı klub tələblərə cavab verirsə, onu elitaya buraxmalıyıq. Premyer Liqanı yüksək səviyyədə keçirmək istəyiriksə, bura gələn də yüksək səviyyədə klub olmalıdır”.

Qurum rəsmisinin sözlərinə görə, legioner rüsumu ilə bağlı heç bir güzəşt olmayacaq: “Güzəşt etsək, İcraiyyə Komitəsinin qərarı əhəmiyyətsiz olacaq. Rüsum ödəmək istəməyən yerli və ya öz ölkəsində milli komandasında oynayanı cəlb etməlidir. Beş liqa keçirəcəyik. İşimiz artacaq. Ən çox tənqid ediləcəyimiz mövsüm olacaq. Bunlardan qorxmuruq. II Liqada bir əlcəkli qapıçı, bir butslu oyunçu görsəniz, təəccüblənməyin. Nə vaxtsa başlamalıydıq. Futbolçu qıtlığı olduğuna görə I Liqa komandaları gənclərə təklif göndərirlər. Bu, faydalı məqamdır. Hamı üçün uğurlu futbol mövsümü olacağını düşünürəm”. 

Qeyd edək ki, Azərbaycan Premyer Liqası avqustun 4-də başlayacaq. 

writer photo
Əlirza Əlirzalı
0