Minifutbol üzrə Azərbaycan millisinin Avropa çempionu olması münasibətilə konsert proqramı təşkil ediləcək.
Apasport.az saytının məlumatına görə, tarixi zəfər münasibətilə sabah saat 19:00-da Bakı bulvarının ərazisində (Zəfər parkı ilə üzbəüz) konsert proqramı keçiriləcək.
Milli üzvlərinin iştirakı ilə baş tutacaq konsertin təşkilatçıları Gənclər və İdman Nazirliyi, Azərbaycan Minifutbol Federasiyası, “Azfar Group”, “Zirə” Peşəkar Futbol Klubu, sponsor isə “Nar” şirkətidir.
Konsert proqramında rəsmi şəxslər və minifutbol üzrə yığmanın baş məşqçisi Elşad Quliyev çıxış edəcək, xüsusi avtobusla kubok tamaşaçılara təqdim olunacaq. Müğənnilər Zülfiyyə Xanbabayeva, Miri Yusif və Səmra da çıxış edəcəklər. Futbol azarkeşləri və şəhər sakinləri konsertə dəvətlidir.
Qeyd edək ki, minifutbol üzrə Azərbaycan millisi Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatının qalibi olub. Yığmamız finalda altıqat qitə çempionu Rumıniyanı 1:0 hesabı ilə məğlub edib.