Krakov-2023 III Avropa Oyunlarında kikboksinq yarışları davam edir.
Apasport.az saytının məlumatına görə, bu gün yarımfinal döyüşlərinə start verilib.
Azərbaycanın mübarizəni davam etdirən yeganə təmsilçisi Fərid Ağamoğlanov (63,5 kq)da növbəti döyüşünə çıxıb.
Kişilərin full kontakt növündə mübarizə aparan təmsilçimiz Milton Ameriko Barrios Qalaretta (Norveç) ilə üz-üzə gəlib. 1/4 finaldakı qələbə ilə mükafatlardan birini təmin edən idmançımız finala vəsiqə üçün döyüşüb. 3:0 hesablı qələbə qazanan kikboksçumuz həlledici qarşılaşmada iştirak hüququ qazanıb. Fərid İtaliya təmsilçisi Damiano Salvato Tramontana ilə üz-üzə gələcək.
Qeyd edək ki, final qarşılaşmaları sabah baş tutacaq.