Avstriya – Azərbaycan oyunu üçün stadion təklifi
13.10.2022 - 15:54
Avstriya – Azərbaycan oyunu üçün stadion təklifi

Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində Avstriya ilə səfər oyununu Linsdə keçirə bilər.

Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, bunu Avstriya Futbol Assosiasiyasının maliyyə meneceri Bernhard Neuhold açıqlayıb.

O bildirib ki, seçmə mərhələdə Azərbaycan və Estoniya ilə ilk iki ev matçının Lins stadionunda baş tutması mümkündür. Assosiasiya rəsmisi yenidənqurma işləri aparılan arenanın gələn ilin fevralına qədər tam hazır olacağına ümid edir.

Neuholdun sözlərinə görə, bunun reallaşması üçün adıçəkilən stadionda ev oyunlarını keçirən LASK-ın sahibinin və yığmanın baş məşqçisi Ralf Ranqnikin razılığı vacibdir. Əgər onlar müsbət cavab versə, 21 min tamaşaçı tutumuna malik Lins stadionunda yenidənqurmadan sonra ilk oyun məhz Azərbaycan millisinə qarşı olacaq.

Qeyd edək ki, AVRO-2024-ün seçmə mərhələsinin ilk iki turu çərçivəsində Avstriya millisi martın 24-də Azərbaycanı, 27-də isə Estoniyanı qəbul edəcək.
 

writer photo
Əlirza Əlirzalı
0