Yay fasiləsində Tula “Arsenal”ından “Ximki”yə keçən Ayaz Quliyev Azərbaycan millisində çıxış edə bilər.
Apasport.az saytının məlumatına görə, bunu 26 yaşlı yarımmüdafiəçi öz açıqlayıb.
Əslən azərbaycanlı olan Moskva “Spartak”ının yetirməsi Rusiya mətbuatına açıqlamasında AFFA ilə danışıqlar apardığını etiraf edib: “Yerli assosiasiya ilə daim əlaqədəyəm. Lakin onlar heç vaxt yekun təklif göndərməyiblər. Konkret söhbət yoxdur”.
Quliyev milliləşmə üçün danışıq masası arxasında əyləşməyə hazır olduğunu söyləyib. O, yalnız danışıqlardan sonra Azərbaycan yığmasında oynayıb-oynamayacağına qərar verəcəyini vurğulayıb: “Belə çıxır ki, sadəcə mənimlə maraqlanırlar, amma hələ heç nə yoxdur. Konkret danışıqlardan sonra biləcəyəm. İndi nə “hə”, nə də “yox” deyə bilərəm. Tələsik qərar vermək istəmirəm”.
Qeyd edək ki, Ayaz Quliyev Rusiyanın aşağı yaş qrupu üzrə yığmalarında oynasa da, əsas millidə çıxış etməyib.