Ayyub Allaş: “O oynamasaydı, növbəti mərhələyə adlayacaqdıq” - MÜSAHİBƏ
06.08.2023 - 13:46
Ayyub Allaş: “O oynamasaydı, növbəti mərhələyə adlayacaqdıq” - MÜSAHİBƏ

“Qəbələ”nin hücumçusu Ayyub Allaşın apasport.az saytına müsahibəsi 

- "Qəbələ" Konfrans Liqasında "Omoniya"ya səfərdə 1:4 hesabı ilə məğlub oldu. Səncə, hesab niyə belə oldu? Niyə istədiyiniz nəticəni qazanmaq alınmadı?
- Təəssüflər olsun ki, Nikosiyada da uduzduq. Amma biz çox güclü rəqibə qarşı oynayırdıq. Hər halda, bu cür komanda ilə matçda ən yaxşısını etmək istədik. Əlimizdən gələni etdik. Təəssüf ki, uduzduq.

- Azərbaycanda da 2:3 hesabı ilə məğlub olmuşdunuz. Kiprə gedəndə inamsızlıq yaranmışdı, yoxsa istənilən halda, mərhələni Nikosiyada keçəcəyinizə inanırdınız?
- Şəxsən mən cavab matçında uğurlu nəticə qazanmağa hazır idim. Nikosiyaya yollananda da, inamım var idi ki, mərhələni adlaya bilərik. Amma oyun başlayandan sonra hər şey dəyişdi. 

- Qəbələdəki və Nikosiyadakı matçlar arasında hansı fərqlər oldu? Sanki evdə daha yaxşı oynaya bilmişdiz...
- Artıq oyunlar geridə qaldı. Qeydə alınan nəticə bizim üçün sevindirici olmadı. Amma sırf oyunları deyirsizsə, məncə, yeganə fərq o idi ki, “Omoniya” bizdən daha çox istədi.

- Səncə, ötən mövsüm ölkə kubokunu qazanan "Qəbələ"nin heyəti dağılmasaydı, ayrılıqlar olmasaydı, eyni heyətlə "Omoniya"nı keçə bilərdiniz?
- Biz yeni komandayıq. Gəlin, bir az səbirli olaq. Məncə, bu mövsüm bizdə hər şey alınacaq. Sadəcə yeni komandaya vaxt lazımdır. 

- İki görüşlərin də əsas oyunçusu, qəhrəmanı "Omoniya"nın futbolçusu Roman Bezus idi. Qəbələdə üç, Nikosiyada iki qol vurdu, ümumilikdə beş qol. "Qəbələ" ukraynalı futbolçunun qarşısını almaqda niyə bu qədər çətinlik çəkdi?
- Roman Bezus təcrübəli futbolçudur. Bu görüşlərdə həqiqətən uğurlu çıxış etdi. Məncə, Bezus oynamasaydı, biz növbəti mərhələyə adlayacaqdıq. Amma biz real olmalıyıq. Bezus oldu və ya olmadı, “Omoniya” çox yaxşı, güclü komandadır. 

- Avrokuboklar "Qəbələ" üçün artıq başa çatdı. İndi isə sizi qarşıda çempionat matçı gözləyir. "Sabah"la qarşılaşacaqsınız. Bu matç və rəqib haqda fikrin necədir? Səncə, mövsümə qələbə ilə başlaya biləcəksiniz?
- Bəli, indi bütün fikrimiz daxili oyunlara olacaq. “Sabah”la mövsümün əvvəlində qarşılaşmışdıq. Həmin vaxtı yoldaşlıq görüşündə üz-üzə gəldik. Fikrimcə, “Sabah” çox yaxşı komandaya malikdir. Həvəsdən düşmürük, ayaq üstə dayanmışıq. Qələbə üçün oynayacağıq.

- Yeri gəlmişkən, "Sabah" Konfrans Liqası üçüncü təsnifat mərhələsində "Partizan"la qarşılaşacaq. Səncə, "Sabah" "Partizan"ı keçə bilər?
- “Sabah” çox yaxşı komandadır, heyətində yaxşı futbolçular var. RFS-lə görüşlərdə də uğurlu nəticələr qazandılar. Məncə, “Partizan”la görüşdə də nəsə edə bilərlər. Fikrimcə, bu qarşılaşmalarda şanslar 50/50-dir.

- Bu mövsüm "Qəbələ"nin Azərbaycan Premyer Liqasında əsas məqsədi nədən ibarət olacaq, gücü nəyə çatacaq?
- Ötən mövsüm olduğu kimi, biz yenə də Konfrans Liqasına düşmək istəyirik. Məqsədimiz də budur, bunun uğrunda mübarizə aparacağıq. “Üçlük”də yer almaq istəyirik.
 

writer photo
Əlirza Əlirzalı
0