Azarkeşləri oturacaqları sındırdı, AFFA “Kəpəz”i cəzalandırdı
16.09.2022 - 16:13
Azarkeşləri oturacaqları sındırdı, AFFA “Kəpəz”i cəzalandırdı

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, yığıncaqda Misli Premyer Liqasının VI turunda baş verənlər müzakirə olunub və müvafiq qərarlar çıxarılıb.

“Turan Tovuz” – “Kəpəz” oyununda meydan sahiblərinin azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunub.

“Kəpəz”in “Xəmsə” fan klubunun azarkeşləri tərəfindən 110 ədəd oturacağın sındırılması ilə bağlı dəymiş zərər Gəncə klubu tərəfindən ödəniləcəyi barədə qərar verilib. Qonaqlar 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün də 800 manat ziyana düşüb.

“Qəbələ” – “Neftçi” qarşılaşmasında 4 futbolçusu sarı vərəqə alan bakılılar da 800 manat ödəyəcək.

“Zirə” ilə oyunun 79-cu və 90+1-ci dəqiqəsində “Səbail” klubunun azarkeşləri tərəfindən hakimlərin ünvanına qeyri-etik, təhqiramiz ifadələr işlədilib. Bu üzdən klub 4000 manat cərimələnib. Birinci hissədə AFFA nümayəndələri üçün şərait yaradılmadığına görə meydan sahibi daha 800 manat ödəyəcək.

Bu matçda hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırılıb. Buna görə klublar hərəsi 800 manat cərimələnib. Qırmızı vərəqə alan Tural Bayramlı da “Səbail”i ziyana salıb. 200 manat cərimə ödəyəcək klub diskvalifikasiya səbəbindən futbolçunu bir matçlıq itirib.
 

writer photo
Əlirza Əlirzalı
0