"Sabah" "Qarabağ"a 3 qol vurmaqla tarixə düşüb
15.04.2024 - 16:54
"Sabah" "Qarabağ"a 3 qol vurmaqla tarixə düşüb

“Sabah” Azərbaycan çempionu “Qarabağ”ın 7 oyunluq qələbə və 18 matçlıq məğlubiyyətsizlik seriyalarını qırıb.

Apasport.az xəbər verir ki, Ağdam klubunun Misli Premyer Liqasında qələbə qazanmadığı son görüş də eyni rəqiblə duelə təsadüf etmişdi. “Sabah” hər iki qarşılaşmada Ağdam klubunun qapısına 3 qol vurub. XXII turda 3:3 hesablı heç-heçə ilə kifayətlənən paytaxt futbolçuları XXX turda qalib gəliblər – 3:2.

“Sabah” Azərbaycan çempionatlarının 32 illik tarixində “Qarabağ”a ardıcıl iki oyunda 3 və ya daha çox qol vuran 3-cü komanda olub. Bunadək 3 belə hadisə yaşanıb. İki dəfə “Kəpəz”, bir dəfə “Şəmkir” “Qarabağ”la ardıcıl matçlarda məhsuldarlıq göstərib.

Gəncə klubu 1994-cü ildə iki dəfə 4:1 hesablı qələbə qazanıb. 1998-ci ildə isə bu nəticələr fərqli olub – 3:2 və 3:0. “Kəpəz”in eyni ilə təsadüf edən qələbələri iki fərqli mövsümdə qeydə alınıb. “Şəmkir” isə eyni - 2001/02 mövsümündə, 2001-ci ilin sonlarında iki dəfə “Qarabağ”a üç və ya daha çox qol vurub – 5:1 və 3:1.

writer photo
Əlirza Əlirzalı
0