FİFA milli komandaların 2022-ci ildəki son reytinq siyahısını dekabrın 22-də açıqlayacaq.
Apasport.az saytının məlumatına görə, artıq indidən komandaların cədvəldəki mövqeləri bəllidir.
Bu, yeni açıqlanan təxmini siyahıda öz əksini tapıb. DÇ-2022, həmçinin yoldaşlıq oyunları müəyyən dəyişikliklərə imkan verib. Azərbaycan millisinin də yeri və xallı məlum olub.
Canni de Byazinin baş məşqçisi olduğu komanda 1151,82 xalla dünya sıralamasında 123-cü pillədə qərarlaşacaq. Yığmamız ötən reytinqlə müqayisədə 5,10 xal qazanaraq 1 addım irəliləyəcək.
Buna hesabat dövründə keçirilən iki yoldaşlıq oyunu səbəb olub. Komandamız Moldova (2:1) və Şimali Makedoniya (3:1) ilə qarşılaşmalarda qələbələri sıralayıb. Millimiz Farer adalarını keçəcək.
Qardaş Türkiyə yığması 1465,38 xalla 44-cü olacaq. “Ay-ulduzlular” da bir pillə irəliləyəcək.
Braziliya 1-ci sıradakı yerini qoruyacaq – 1840,77. Dünya çempionu Argentina (1838,39) və vitse-çempionu Fransa (1823,39) Azərbaycan millisi kimi hərəyə bir pillə irəliləyəcək. Mundialın finalçıları bununla ilk “üçlük”də qərarlaşacaq. Onlar Belçikanı arxada qoyacaq.
Qeyd edək ki, Mərakeş və Avstraliya hamıdan çox – hərəyə 11 pillə irəliləyəcək. Kanada ilə Uels isə daha çox – 12 addım geriləyəcək.