Azərbaycan velosipedçiləri BƏƏ-də mübarizəyə başlayıblar
27.01.2023 - 20:40
Azərbaycan velosipedçiləri BƏƏ-də mübarizəyə başlayıblar

Bu gün Azərbaycanın şose velosipedi üzrə kişilərdən ibarət Elit/U23 yığma komandası Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Sharjah” yarışında mübarizəyə başlayıb.

Apasport.az xəbər verir ki, 17 ölkədən 24 komandanın qatıldığı yarışın ilk mərhələsində velosipedçilər fərdi ötüşmə növündə güclərini sıynayıblar. Əl-Mamzar ərazisində baş tutan mübarizədə idmançılar 8,9 km məsafə qət ediblər. 

Yarışda 6 velosipedçi ilə iştirak edən milli komandamızın üzvləri mərhələni uğurla başa vurublar. İdmançılarımızdan ən yaxşı nəticəyə Elçin Əsədov imza atıb. O, 11 dəqiqə 37 saniyə göstərici ilə 9-cu yerdə qərarlaşıb. İdmançımız qalib velosipedçidən 15 saniyə geri qalıb.

Musa Mikayılzadə 23-cü (11'48''64), Əli Qurbanov 75-ci (12'25''11), Nəcəf Bağırov 95-ci (12'39''80), Şahin Eyvazov 101-ci ( 12'47''23), Elgün Əlizadə isə 113-cü (12'52''58) yerlə kifayətləniblər.

Mərhələnin qalibi isə 11 dəqiqə 21 saniyə nəticə ilə BƏƏ-nin “Torq Tim” klubunun böyük britaniyalı üzvü Qordon Kayl olub.

Qeyd edək ki, 141 velosipedçinin iştirak etdiyi 5 mərhələli yarış yanvarın 31-də başa çatacaq.

writer photo
Əlirza Əlirzalı
0