"Azərbaycanda ən yaxşı meydança buradadır" - Miodraq Bojoviç
29.03.2024 - 18:54
"Azərbaycanda ən yaxşı meydança buradadır" - Miodraq Bojoviç

"Bilirdik ki, bu oyun bizim üçün çətin olacaq. Ona görə yox ki, "Qəbələ" Premyer Liqada qalmaq üçün mübarizə aparır. "Qəbələ" yaxşı komandadır. Təcrübəli baş məşqçisi var. İlk hissə elə də maraqlı keçmədi. Futbolçular yaxşı nəfəs ala bilmirdilər. Kilan Lebon şəxsi keyfiyyətləri sayəsində gözəl qol vurdu. İkinci hissədə açıq oyun gedirdi və hər iki tərəfdə səhvlər var idi. Biz də qol vura bilərdik, rəqib də. Qələbə qazandıq. Amma bir az bəxtimiz gətirdi".

Apasport.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Miodraq Bojoviç Premyer Liqanın 28-ci turunun "Qəbələ"(0:1) ilə görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını cavablandırıb.

- Qəbələdəki infrastrukturu necə dəyərləndirirsiniz?

- Azərbaycanda ən yaxşı meydança buradadır. Məşq üçün də keyfiyyətli meydançaları var.

- Emin Mahmudovun bu gün ehtiyatda qalmasının səbəbi nə idi?

- Bir az ağrı hiss edirdi. Emini növbəti oyuna saxlamaq istədik.

- Sizin gəlişinizdən sonra oyun keyfiyyətində inkişaf var?

- Çempionatda bütün komandalar demək olar ki, eyni səviyyədədir. Digər komandalarla müqayisədə son vaxtlarda bizim keyfiyyətimiz bir az artıb. İndi daha çox qol epizodu yaradırıq və qollar vururuq.

- Müdafiə planında inkişaf var?

- Son iki oyunda qol buraxmamışıq. Komanda 11 oyunçu ilə müdafiə olunur. Bəli, bu gün ikinci hissədə çoxlu səhvlər etdik.

- Sabah "Sabah" - "Zirə" matçı var. Bu oyunda hansı nəticənin qeydə alınacağını düşünürsüz?

- Nəsə əldə etmək istəyiriksə, yalnız öz nəticələrimizə baxmalıyıq. Biz rəqiblərimizin səhv etməsini gözləməli deyilik.

writer photo
Əlirza Əlirzalı
0