Azərbaycan bayrağını yandıran erməni dizayner Aram Nikolyan İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılışının dizayneri olub və bayraqdarın geyindiyi Azərbaycan bayrağı olan paltarı o, şəxsən özü dizayn edib.
APA xəbər verir ki, bu barədə Ermənistanın "Bagramyan" teleqram səhifəsinə dizayner Aram Nikolyanın yaxın çevrəsindən olan mənbə bildirib.
Onun sözlərinə görə, gördüyü iş üçün Nikolyan böyük qonorar da alıb.
"Mənbəmizi bayrağı yandırmağa cəhd edən dizaynerin bu hərəkəti təəccübləndirib, çünki Aram Nikolyan pul müqabilində Azərbaycan bayrağı ilə tikiş tikərkən qətiyyən şikayətlənməyib. Mənbəmiz Nikolyanın hansısa dairələrin təzyiqi və şantajı nəticəsində bayrağı yandırması ehtimalı ilə bağlı narahatlığını da ifadə edib".