“Qarabağ”ın müdafiəçisi Bədavi Hüseynov apasport.az saytına müsahibə verib.
- “Qarabağ”da 10-cu çempionluğunu qazandın. Bu barədə təəssüratın necədir?
- Sadəcə olaraq inanılmaz hislərdir. Düzü, heç vaxt düşünməzdim ki, nə vaxtsa 10 dəfə çempion olacam. Bu çempionluqlar hər il daha da qiymətli, daha da dəyərlidir. Çox şadam ki, “Qarabağ”ın, gözəl tarixinin bir parçası oldum. Bu çox gözəldir. Amma düzü, dayanmaq istəmirəm, güc var, çatmalı olduğumuz məqsədlər var. Ona görə də, işləməyə davam edirik. Bu mövsüm göstərdi ki, böyük komandalarla da oynamaq mümkündür. İnkişafa davam edib, azarkeşlərimizi də sevindirmək istəyirik. Ən yaxşısı üçün hər şeyi edəcəyik.
- Azərbaycan çempionatında rəqiblərlə xal fərqiniz çoxdur. Özünüzü oyunlara necə motivasiya edirdiz?
- Bu baş məşqçimizin əməyidir. O, bizə rahatlaşmağa imkan vermir. Səkkiz tur qalmış çempion olsaq da, Qurban Qurbanov deyirdi ki, “planka”nı saxlamalıyıq, inkişaf etmək lazımdır. Çünki rəqibə rahatlıq versən, bundan dərhal istifadə edirlər. Sonradan isə toparlanmaq çətin olur. Bunlar hamısı personal, baş məşqçinin əməyidir. Daim işləyirik, inkişaf edirik. Bütün komandalar oynamağı, xal qazanmağı öyrənib, hamı qol vurur. Bu mövsüm də rəqabət var idi, maraqlı, yaxşı liqa alındı. Yeni mövsüm üçün də rahatlaşmaq olmaz.
- Mövsüm sizin üçün hələ başa çatmayıb. Ölkə kubokunun finalında “Zirə” ilə qarşılaşacaqsız. Bu matç haqda nə düşünürsən?
- Rəşad Sadıqov əla komanda yaradıb. Bu mövsüm ən az qol buraxan komandalardandır. Onlar yaxşı müdafiə olunmağı bacarırlar. Bizi də yaxşı tanıyırlar. Final görüşüdür, həlledici matç bir oyundan ibarətdir. Məncə, favorit yoxdur, şanslar bərabərdir. Hər şey mümkündür. Bu oyuna məsuliyyətlə yanaşmaq lazımdır. “Qızıl dubl” etmək istəyirik. Onun üçün isə hər şeyi edəcəyik.
- Yayda isə yenidən avrokuboklar sizi gözləyir. Çempionlar Liqasının təsnifat mərhələlərində oynayacaqsız...
- Bizim üçün heç nə dəyişməyib. Yenidən birinci mərhələdən başlayacağıq. Əvvəlki kimi güclü rəqiblərlə qarşılaşacağıq. Hər oyun həlledici ola bilər. Səhvə yer yoxdur. İndi yalnız növbəti matçlar haqda düşünəcəyik.