“Turan Tovuz”un legioneri Belajdi Pusi apasport.az saytına müsahibə verib:
- “Turan Tovuz” “Zirə”yə 1:2 hesabı ilə uduzdu. Səncə məğlubiyyətin səbəbi nə idi? “Zirə”ni niyə məğlub edə bilmədiniz?
- Bizim çox yaxşı komandamız var. Hamı meydanda əlindən gələnin maksimumunu edir. Amma bəzən futbolda pis vəziyyətlər də olur. Son oyuna qədər yolumuza davam etməliyik. Artıq oynadığımız oyunlar geridə qaldı.
- Maraqlıdır ki, ikinci hissədə “Turan Tovuz” daha çox hücum etdi, bərabərlik qolunu vurdu, amma davamını gətirmək alınmadı. “Zirə”nin futbolçusu Sezar Meza Kollinin uzaq məsafədən vurduğu qol həlledici oldu...
- Aydın Bayramov yaxşı qapıçıdır. Hər kəs səhv edə bilər. Bu futboldur. Çətin anlarda bir-birimizə dəstək olmalıyıq. Biz də bunu edirik.
- “Turan Tovuz” artıq avrokubok yarışını tərk edib? Bu barədə nə düşünürsən? “Sumqayıt”a məğlubiyyət sizə necə təsir etdi?
- Biz oyunlarımızı oynayırıq. Mövsüm hələ başa çatmayıb, sona üç tur qalıb. Biz növbəti matçları qalib başa vurmaq üçün yolumuza davam edirik. Avrokuboklara görə hansısa təzyiqimiz yoxdur. Biz keçən mövsümlə müqayisədə daha yaxşıyıq. Hər mövsüm keçdikcə inkişaf etmək də vacibdir.
- “Turan Tovuz” növbəti üç oyuna hansı motivasiya ilə çıxacaq? Sizcə, niyə avrokuboklar uğrunda mübarizəni sona qədər davam etdirə bilmədiniz?
- Bu, bizim işimizdir. Hər oyunda mübarizə aparmalıyıq. Daha 3 oyunda əvvəlki matçlardakı kimi istəyimizi göstərməliyik. Bunu da edəcəyik. Çünki çox yaxşı komandaya sahibik. Qarşıdakı üç görüşü uğurla başa vurmaq istəyirik.
-Yeni mövsümə “Turan Tovuz”da başlayacaqsan? Müxtəlif klublardan yeni təkliflər var, yoxsa “Turan Tovuz” özü sənə yeni müqavilə təklif etdi?
- Bəli, müxtəlif ölkələrdən bəzi komandalar mənə maraq göstərdilər. Amma indi qalan matçlardan başqa bir şey haqqında danışmağın vaxtı deyil. Bütün diqqətimi növbəti oyuna yönəltmişəm və “Turan Tovuz”un qələbəsi barədə düşünürəm.
- Növbəti matçınız “Araz-Naxçıvan”, “Qarabağ” və “Kəpəz”lə olacaq. Üç turdan 9 xal əldə edə bilərsiniz?
- Hər üç komanda ilə oyun çətin və fərqlidir. İndi qarşıdakı görüşü düşünürük. Daha sonra isə “Qarabağ” və “Kəpəz”ə qarşı oyunu fikirləşəcəyik. Biz əlimizdən gələni etməliyik, bu, 100 faiz belədir. Allah qoysa, qalib gələcəyik.