“Belenenseş”, “Benfika B”, “Çaveş”, “Doxa”, “Torreense” kimi klublarda oynadıqdan sonra bu yay “Araz-Naxçıvan”a keçən Bernardo Dias artıq yeni komandasının heyətində “Qarabağ”a qarşı debüt edib.
Apasport.az saytına müsahibə verən 27 yaşlı yarımmüdafiəçi Ağdam klubuna qarşı görüşdən və Azərbaycandakı məqsədlərindən söz açıb:
- “Qarabağ”a qarş ilk oyunu oynadıq. Matça və sezona da yaxşı hazırlaşmışdıq. Biz bu oyunda qalib gəlmək istəyirdik. Oyuna da pis başlamadıq. Pressinq etdik, istəkli və hərəkətli idik. Lakin ardıcıl iki qol buraxdıq. Ondan sonra isə işlər yaxşı getmədi. Nəticədə də uduzduq.
- Portuqaliyada oynadığın vaxtlarda “Qarabağ” haqda heç eşitmişdin?
- Bəli, bəli, “Qarabağ”ı yaxşı tanıyırdım. Çünki mən “Qarabağ”ın hücumçusu Juninyo və müdafiəçisi Kevin Medina ilə birlikdə oynamışdım. Onlarla “Çaveş” klubunun oyunçusu olmuşduq. Hər iki futbolçu ilə danışırdım. “Qarabağ”ın böyük klub olduğunu yaxşı bilirdim. Bunu anlayırdıq, ən yaxşısını etməyə çalışırdıq. Ancaq alınmadı. Qarşıdakı oyunda uğurlu nəticə əldə etməyə çalışacağıq.
- Son mövsümdə Portuqaliyanın “Torreense” klubunda “Qarabağ”ın digər sabiq üzvü, qolkiperi Vaqner Da Silva ilə birlikdə oynamısan. Azərbaycanda oynamaq variantı yarananda heç Vaqnerlə məsləhətləşdin?
- Əslində, həm Vaqnerlə, həm Medina, həm də Juninyo ilə danışdım, məsləhətləşdim. Hamısı mənə xoş sözlər dedi. Bakı və Azərbaycan Premyer Liqası barədə yaxşı sözlər dedilər. Ona görə də, mən gəlməyi düşündüm.
- “Araz-Naxçıvan”ın paytaxt klubu olmadığını bilirsən?
- Bəli, bəli, bilirəm. Naxçıvan şəhərini təsmil edirik.
- Azərbaycanda hədəflərin nədən ibarət olacaq? “Araz-Naxçıvan” sənin üçün tramplin klub olacaq?
- Gələcəkdə nələr olacağını zaman göstərəcək. Mən “Araz-Naxçıvan”da ən yaxşısını edib, komandaya xeyir verməyə çalışacam. Daha sonra necə olacağını görəcəyik. Hamımız birlikdəyik, bir kollektivik, hər birimiz də komandanın uğuru üçün çalışırıq. Hər oyunda qalib gəlməyə çıxacağıq. Çalışacağıq ki, mövsüm sonunda çempionatda yaxşı pillələrdə yer alaq.
- “Qarabağ”la matçdan sonra Juninyo və ya Medina ilə söhbətiniz oldu?
- Bəli, matç haqda danışdıq. Onlarla zaman tapdıqca tez-tez görüşəcəyik. Çünki artıq eyni şəhərdə yaşayırıq. Onlar öz komandaları, mən də öz komandam üçün çalışırıq.
- Juninyodan söz düşmüşkən, o, hazırda “Qarabağ”ın ulduzu hesab edilir. Portuqaliyadan Azərbaycana yollananda belə uğurlu performans sərgiləyəcəyinə inanırdın?
- Juninyo fantastik futbolçudur. Son sezonda da liqada öz sözünü dedi, qollarını vurdu. Avrokuboklarda da yaxşı forvard olduğunu sübut etdi. Ona uğurlar arzulayıram.
- “Qarabağ” barədə hansı fikirdəsən? Bu komandaya qarşı oynadın. Onlara qarşı oynamaq çox çətindir?
- Bəli, çox güclü komandadır. Heyətdə çox yaxşı futbolçular yer alıb. “Qarabağ”ın ötən mövsüm “Bayer” (Leverkuzen), “Braqa” ilə görüşlərini izləmişdim. Onlar çox yaxşı işlər görmüşdü. Anlayırıq ki, “Qarabağ” ölkədə böyük klubdur. Bizim ilk oyunumuz onlara qarşı oldu. İlk oyunu böyük kluba qarşı oynamaq asan məsələ deyil. İkinci turda qalib gəlməyə çalışacağıq.
- Növbəti turdakı rəqibiniz “Şamaxı”dır. Bu görüşdə komandanın qələbə qazanmaq şanslarını necə dəyərləndirisən?
- Rəqibimiz ilk turda xal qazanıb. Təbii ki, biz də “Qarabağ”la oyundan sonra hazırlaşmışıq. Uğurlu nəticə qazanmaq istəyirik. Rəqiblərin hər birinin yaxşı və güclü kollektivə malik olduğunu da anlayırıq. Çox istəyirik ki, bu rəqiblə matça uğurlu nəticə qazanaq. Mental olaraq düşüncəmiz eynidir, çıxacağımız bütün matçlarda qələbə qazanmağa çalışacağıq.