Bəxtiyar Həsənalızadə: "Ara-sıra maaş problemləri olur, gecikmələr də var" - Müsahibə
07.11.2023 - 14:42
Bəxtiyar Həsənalızadə: "Ara-sıra maaş problemləri olur, gecikmələr də var" - Müsahibə

Milli komandamızın müdafiəçisi Bəxtiyar Həsənalızadənin apasport.az saytına müsahibəsi

- Dünən "Tuzlaspor" "Ümraniyesor"la bərabərə qaldı. Matç sizin üçün necə keçdi və hesab sizi razı saldımı? 
- Gərgin və bir o qədər də maraqlı oyun idi. İlk hissə üstünlüyümüzlə keçdi. Fasilədən sonra qırmızı vərəqə ilə birlikdə rəqib oyunda üstünlüyü ələ keçirməyi bacardı. Amma şükür Allaha uduzmadıq. Qalib gəlmək istərdik. Heyf ki, olmadı. 

- "Tuzlaspor"u son pillədən cəmi üç xal ayırır. Səncə, komandanın yüksəlişə keçməsinə nə kömək ola bilər?
- Ola bilər ki, aşağı pillələrə yaxınıq. Ancaq yuxarı pillələrdəki komandalar elə də uzaqda deyil. Məncə, bizə bir qələbə lazımdır ki, özümüzə gələk. Bu, bizə çox kömək olardı.

- Maraqlı və sevindirici məqam odur ki, millimizin iki üzvü bu matçda meydana start heyətində çıxdı. Coşqunla matçdan əvvəl və ya sonra danışdız?
- Bəli, matçdan əvvəl Coşqunla qısa söhbətimiz oldu. Bir-birimizə uğurlar arzuladıq. Düşünürəm ki, maraqlı görüş oldu. İmkan olanda oyunun içində də Coşqunla dialoq qururduq.

- Matçdan sonra Coşqunla ayaqüstü də olsa, oyunu dəyərləndirdiz? 
- Görüşün sonları çox gərgin keçdi. Stadion da insanlarla dolu idi. Düzünü deyim, oyundan sonra Coşqunu görə bilmədim. Çünki bir az ara qarışmışdı. Elə oyundan əvvəl danışdıq, ayaqüstü söhbət etdik. 

- Coşqun həm klubunda, həm də millidə əsas heyət üzvünə çevrilə bilib. Səncə, sənin üçün də eyni vəziyyət yaranacaq?
- Bunun üçün çox çalışıram. Bəhrəsini nə zaman görəcəm, bilmirəm. Coşqunun mənə nisbətdə milli təcrübəsi daha çoxdur. İnanıram ki, həm klubda, həm də millidə daim oynayacam. Əlimdən gələni edirəm.

- Klubun ümumi durumu səni razı salır? Türkiyə klublarında tez-tez maaş problemi olduğu üçün soruşuram, hansısa problem yoxdur ki?
- Burada oynamaq məni razı salır. Amma ara-sıra maaş problemləri olur, gecikmələr də var. Lakin çalışıram ki, oyunlara köklənim. Bu, mənim üçün önəmlidir.

- Azərbaycan milli komandası bu ay Belçika və İsveçlə qarşılaşacaq. Yəqin ki, həmin oyunlara cəlb olunacağına inanırsan?
- Bu barədə nəsə demək istəmirəm. Millinin baş məşqçisi var və bununla bağlı qərarı o verir. Dəvət edilsəm, borcumdur ki, gəlib, komanda üçün əlimdən gələni edim. Dəvət edilməsəm də, sağlıq olsun, bizdən asılı məsələ deyil.

writer photo
Əlirza Əlirzalı
0