Bəxtiyar Həsənalızadə: "Hədəfim “Tuzlaspor”da qalmaq deyil" – Müsahibə
06.10.2023 - 15:41
Bəxtiyar Həsənalızadə: "Hədəfim “Tuzlaspor”da qalmaq deyil" – Müsahibə

Azərbaycan milli komandası və “Tuzlaspor”un müdafiəçisi Bəxtiyar Həsənalızadənin apasport.az-a müsahibəsi

- Artıq əsas heyətdə daimi oynayırsan. "Tuzlaspor"dakı vəziyyətin necədir? 
- Şükürlər olsun, vəziyyət normaldır. Təbii ki, əsas heyətdə daimi oynamağım sevindiricidir. Çalışıram ki, əsas heyətdəki yerimi qoruyum. Performansımı daha da yaxşılaşdırmaq niyyətindəyəm.

- Son pillədən qurtula bildiniz. Üstəlik, rəqiblərlə xal fərqi də yüksək deyil. Səncə, turnir cədvəlində yüksələ biləcəksiz? 
- Yuxarı pillələrə çıxmaq üçün bəzən bir qələbə də yetərli olur. Biz hər görüşə qələbə üçün çıxırıq. Bunu bacaracağımıza inanırıq.

- Qarşıdakı turda rəqibiniz "Keçiörengücü"dür. Bu komandanı məğlub etmək mümkün olacaq? 
- Hazırda bu komandanı məşqçilər korpusu ilə analiz edirik. Onlar yaxşı komandadır, kompakt oynayırlar. Çətin oyun olacaq, amma inanıram ki, növbəti qələbəmizi qazanacağıq.


- Ümumiyyətlə, Türkiyə birinci liqasında futbolçu üçün əsas tələb olunan məsələ nədir? 
-  Önəmli olan fiziki hazırlıq durumudur. Gərək daim hazır olasan. Bununla yanaşı, taktiki bilgilərin də yaxşı olmalıdır. Mən də üzərimə düşəni edirəm, daim çalışıram. 

- Səncə azərbaycanlı oyunçular Türkiyə birinci divizionunda rahatlıqla oynaya bilər? 
- Təbii ki. Bizim istedadlı futbolçularımız var. Türkiyədə oynamaq üçün önəmli məsələləri bayaq dedim. Gərək fiziki güclü olasan. Yuxarıda gedən komandalar isə bir az fərqlənir. 

- Sənin Türkiyəyə gedişində əsas hədəf nədir? "Tuzlaspor"la uğur qazanmaq, yoxsa Superliqa klublarının diqqətini çəkərək həmin klublardan birinə keçmək istəyirsən?
- Hədəfim burada qalmaq deyil. Ancaq "Tuzlaspor"la iki illik müqaviləm var. Daha yaxşı komandaya keçmək üçün əlimdən gələni edirəm. İnanıram ki, bu, məndə alınacaq.  

- Millinin son matçlarına dəvət edilmişdin. Estoniya və Avstriya görüşləri üçün də milliyə dəvət ediləcəyinə inanırsan? 
- Dəvət edilsəm, canla-başla milli komandaya gələcəm. Təbii ki, hər futbolçunun istəyi və arzusu millidə oynamaqdır. Dediyim kimi, dəvət olarsa, yığma üçün əlimdən gələni edəcəm.

- Birinci divizionda sənin və Coşqun Diniyevin komandası olan "Ümraniyespor" qonşu pillələrdədir. Coşqunla heç görüşmüsən İstanbulda? Onunla bu haqda danışırsız?
- Coşqunla ən son milli komandada olarkən danışmışdıq. Hər ikimiz də komandamızın uğuru üçün çalışırıq. Hər komandada belə durumlar ola bilər. Ümid edirəm ki, mövsüm sonu həm "Tuzlaspor", həm də "Ümraniyespor" yuxarı pillələrdə olacaq.
 

writer photo
Əlirza Əlirzalı
0