"Məni böyük sevgi və hörmətlə qarşılayan türk xalqını məmnun etmək üçün hər şey edəcəm".
Apasport.az xəbər verir ki, bu sözləri Türkiyə yığmasının baş məşqçisi Vinçentso Montella “La qazetta dello Sport” nəşrinə açıqlamasında deyib.
Zəlzələ faciəsi zamanı türk xalqını daha yaxından tanıdığını bildirən Montella, belə xalqı təmsil etməyin qürurunu və məsuliyyətini hiss etdiyini deyib:
“İtaliya faktiki məni qovdu. İtaliya futbolu məndən üz döndərdi. Türkiyə isə mənə yenidən həyat verdi. Heç bir peşmanlığım yoxdu. İtaliyada nəticə qazana bilməməyim yalnız məndən qaynaqlanmayan bəzi səhvlərdən irəli gəldi. Vətənimdə çox soyuq və özümdənrazı insan olduğumu düşünməyə başladılar. Bu ad sanki mənim üstümə yapışdı. Belə göründüyüm üçün üzgünüm. Futbolda birinin üstünə bir ad yapışdısa, onun bundan qurtulması çətin olur. Haqsızlığa uğramış kimi görünmək istəmirəm. Hətta buna nifrət edirəm. Amma mənə qarşı bu edilənlərin doğru olmadığını düşünürəm. Türkiyənin sayəsində məşqçi karyeramı tam yeni səviyyəyə qaldırmağa müvəffəq oldum. Məni böyük sevgi və hörmətlə qarşılayan türk xalqını məmnun etmək üçün hər şey edəcəm. Türkiyə möhtəşəm, inanılmaz və bəzən də kədərləndirən bir ölkədir. Bu ölkənin yığmasını çalışdırmaq mənim üçün böyük qürur mənbəyidi. Üzərimdə böyük məsuliyyətin olduğunu anlayıram. Səhər oyanandan axşam yatana qədər bu məsuliyyəti hiss edirəm. Türklərin sahib olduğu dərin millətçilik və bayrağa bağlılıq hisslərini nəzərə alanda çox önəmli bir missiyamın olmasının fərqindəyəm.
Burda futbol inanılmaz dərəcədə sevilir. İnsanlar futbolla yaşayır. Küçədə məni dayandırıb qucaqlayırlar və təşəkkür edirlər. Mənlə belə davranan bir millət üçün əlimdən gələni etməyə hazıram. Türkiyə Futbol Federasiyası qarşıma əvvəlcə AÇ-2024-ə, sonra da DÇ-2026-ya vəsiqə qazanmaq hədəfi qoydu. Bu komandaya qalib mentallığını aşılayacam. Zəlzələ faciəsi zamanı türk xalqını daha yaxından tanıdım. Zəlzələdə 40 mindən çox insan öldü. Belə xalqı təmsil etməyin qürurunu və məsuliyyətini hiss edirəm. Ən çox bəyəndiyim məşqçi kimdi? Luçiano Spalletti. Bir zaman mənim də məşqçim olub. Həmişə onu çox bəyənmişəm. “Napoli”nin çempionluğundan sonra onu təbrik etdim. Türkiyəni AÇ-yə daşıyandan sonra o da mənə təbrik göndərdi. Əminəm ki, İtaliyanı final mərhələsinə daşıyacaq. Martda İtaliya ilə Türkiyə arasında yoldaşlıq oyunu təşkil etmək əla olardı”.
Qeyd edək ki, qarşıda Türkiyəni noyabrın 18-də səfərdə Almaniya ilə yoldaşlıq görüşü, 21-də isə seçmə mərhələnin son matçında səfərdə Uelslə oyun gözləyir.