Mövsümlərarası fasilədə heyətini gücləndirməyi planlaşdıran “Neftçi”nin maraq dairəsinə düşən daha bir futbolçunun adı bəlli olub.
Apasport.az saytının məlumatına görə, Bakı klubu hücum xəttində rəqabəti yerli futbolçu ilə artırmaq niyyətindədir.
“Ağ-qaralar” “Sabah”ın forvardı Kamran Quliyevin xidmətində maraqlıdır. Bu mövsüm “Şamaxı”da göstərdiyi performansla bir neçə klubun maraq dairəsinə düşən 23 yaşlı hücumçu “Neftçi” rəhbərliyinin də diqqət mərkəzindədir.
Paytaxt təmsilçisi mövsümün sonunda “Şamaxı” ilə icarə müqaviləsi başa çatacaq Quliyevi yayda heyətinə qatmağı planlaşdırır. Lakin bölgə təmsilçisi də futbolçunu saxlamaq üçün danışıqlara başlayıb.
Müqavilə ilə “Sabah”a məxsus olan hücumçunun yeni mövsümə harada başlayacağına yaxın müddətdə aydınlıq gələcək. “Qəbələ”nin yetirməsi Litvanın “Yonava” klubunda legioner həyatı yaşadıqdan sonra - 2020-ci ildə “Sabah”la anlaşıb.
Qeyd edək ki, Kamran cari mövsüm Premyer Liqanın 26 oyununda 5 qol və 2 assistə imza atıb.