“Qarabağ” və “Neftçi”nin sabiq baş məşqçisi Böyükağa Ağayevin apasport.az saytına müsahibəsi
- “Qarabağ” 2022-ci ili ölkə çempionatında lider kimi başa vurdu. Ağdam təmsilçisinin bu ilki çıxışını necə dəyərləndirərdiniz?
- “Qarabağ” avrokuboklardakı çıxışını başa vurduqdan sonra daxili oyunlarda uşaqlarda bir az motivasiya sanki çatışmırdı. Amma hiss olunur ki, özlərinə gəliblər. Son turda da “Səbail”ə böyükhesabla qalib gəldilər. Məncə, “Qarabağ” bu mövsüm də çempion olacaq. Onlar hamıdan güclüdür.
- Mövsümün ilk yarısının gedişində “Sabah” “Qarabağ”a çox yaxınlaşmışdı, amma hazırda 7 xal fərqləri var. Sizcə, onlar “Qarabağ”a çempionluq mübarizəsində mane olacaq biləcəklər?
- “Sabah” da yaxşı komandadır və yaxşı mübarizə aparırlar. Amma onların “Qarabağ”la çempionluq mübarizəsi aparması tezdir. Ən yaxşı halda ikinci yer onların ola bilər. “Qarabağ” Azərbaycanın hegemonudur, hamıdan üstündürlər. Daxili çempionatda Qurban Qurbanov eksperiment aparmır, sadəcə, avrokuboklarda az oynamış oyunçulara, cavanlara imkan yaradır. Bu da yaxşı məqamlardır. Futbolçuların özü üçün əsl stimuldur. Özlərini göstərənlər avrokuboklarda da şans qazanır. Bu komandada əsas heyətə düşmək üçün məqsəd, stimul var. Özü də, avrokuboklarda qazanılan uğurlara görə maliyyə də gəlir. Hamısı önəmli məqamlardır. Bəhlul Mustafazadə “Qəbələ” Futbol Akademiyasından çıxmışdı, “Qarabağ”a “Sabah”dan gəldi. Şans verildi və necə oynadığını görürsünüz. Uzağa getməyək, Musa Qurbanlı “Zirə”yə icarəyə verilmişdi, orada özünəinam qazandı. Qollar da vurdu. İndi “Qarabağ”da daha güvənlidir, şans verilir, meydana çıxır və ardıcıl fərqlənir. Bilirsiz, gənclər Kadi, Zubir kimi təcrübəli, aparıcı oyunçuların yanında təcrübə qazanır, daha da yaxşı olurlar. Məncə, bu legionerlərlə meydanda eyni anda oynamaq “Qarabağ”dakı cavanlar üçün əsl məktəbdir.
- Kadidən söz düşmüşkən, onun “Krasnodar”a transferi gündəmdədir. Rusiya klubuna keçidi barədə fikriniz necədir?
- “Qarabağ” rəhbərliyi Kadi üçün böyük mübarizə aparacaq. Çünki o, vacib oyunçudur. Kadinin səviyyəsi də çox yaxşıdır. Azərbaycan çempionatı üçün üst durumdadır. Amma bilinmir ki, başqa kluba getsə, necə olacaq, oynaya biləcək ya, yox. Bu, düşəcəyi mühitdən, komandanın atmosferindən, psixologiyadan asılıdır. Hər halda, Kadi özünü “Qarabağ”da tapıb.
- Ona nə məsləhət görərdiz?
- Azərbaycanda qalsa, daha yaxşı olardı. Hər zaman avrokuboklarda oynayacaq. Göz önündə olur, diqqət çəkə bilir. Rusiya klubları harada oynayır? Avrokuboklarda çıxış edə bilirlər? Xeyr. Onların Avropaya çıxış da yoxdur. Yalnız daxili oyunlarda iştirak edirlər. Ona görə də, ora getmək lazım deyil.
- “Qarabağ”da ən yaxşı səviyyədə futbol oynayan legionerlər başqa komandaya gedəndə nəyə görə özünü doğrulda bilmir?
- Bu suala cavab vermək çətindir. “Qarabağ”dakı atmosfer çox gözəldir. Özüm də bu klubda işləmişəm. Öncə atmosferi yaradan Tahir Gözəldir. İnandırım sizi, həmin atmosferi başqa klublarda görməmişəm. Neçə illərdir ki, eyni baş məşqçiyə etibar edirlər. Qurban Qurbanov da böyük işlər görür. Bir klubda 10 ildən çox işləmək böyük məsələdir. Az-az klublar belə addım atır. 1-2 illik müqavilə imzalayıb, daha sonra məşqçini göndərirlər. Baş məşqçinin böyük önəmi var, köməkçiləri hər zaman yanındadır. Bir sözlə əla kollektiv yaradılıb. Klubda yaxşı əhval-ruhiyyə hökm sürür. Ola bilər ki, “Qarabağ”da həmin gözəl atmosferdə oynayıb başqa yerə gedəndə, fərqli atmosferə düşürlər, çox da özlərini rahat hiss edə bilmir, göstərmək alınmır. Burada bir çox məsələlər var.
- Bəs “Neftçi”nin durumu haqda fikriniz necədir? Sizcə, onlar qışdan sonra çempionluq mübarizəsinə qoşula biləcək?
- Orada işləmək çox çətindir. “Neftçi”də uzun illər işləmişəm. Hətta sovet dönəmində də orada olmuşam. Onu bilirəm ki, bu klubda işləmək həmişə çətindir. Gələn baş məşqçiyə işləmək üçün vaxt, zaman ayırmırlar. Uzağı 1-2 il zamanın olur. Gələn kimi istəyirlər baş məşqçi komandanı çempion etsin. Axı, bu da çətindir. Özü də, çempionatda “Qarabağ” kimi formalaşmış komanda varsa, dərhal çempionluq yaşamaq asan deyil. Gərək futbolçuları tanıyasan, istədiyin futbolu aşılayasan, futbolçuların psixologiyasını biləsən, onlarla dil tapasan. Bir oyunda uduzan kimi faciəyə çevrilir, sanki dünyanın sonudur. Ola bilər ki, qışda “Neftçi”də dəyişikliklər baş verdi. Məşqçi prosesində yox, futbolçularla bağlı məsələni deyirəm. Özləri fikirləşməlidir ki, nə etmək lazımdır, kimi gətirmək olar. Komandanı yenə daha yaxşı yerlərə çıxarmaq üçün çalışacaqlar.
- Yeri gəlmişkən, “Səbail” Mahmud Qurbanovla yollarını ayırdı və yayılan xəbərlərə görə, baş məşqçi postu Şahin Diniyevə həvalə olunacaq. Bu barədə fikriniz necədir?
- Baş məşqçiyə vaxt vermək lazımdır. Nəticə olmayan tez çıxarmaq isə doğru deyil. Mahmud Qurbanov nə qədər işlədi ki? Altı ay, onun da üç ayı elə hazırlıq idi. Çempionatda 18 oyun oynadılar. Bu oyunlarda nəticə yoxdursa belə, zaman tanımaq lazımdır. Amma bizdə dərhal baş məşqçini çıxarırlar. Şahin Diniyev gəlsə belə, axı ona da zaman lazımdır, vaxta ehtiyacı olacaq. Bu olmasa heç nə düzəlməyəcək.