Azərbaycan millisinin, “Neftçi” və “Qarabağ”ın sabiq futbolçusu Branimir Subaşiçin apasport.az saytına müsahibəsi
- "Qarabağ" ölkə çempionatında qışa çempion kimi yollandı, "Neftçi" isə üçüncüdür. Səncə, "Neftçi" üçün "Qarabağ"la çempionluq mübarizəsi aparmaq çətindir?
- Görünən odur ki, çətin olacaq. Məncə, bu mövsümün də çempionu “Qarabağ”dır. Çünki “Qarabağ”ın bu şansı əldən verəcəyinə inanmıram. Ona görə ki, illərdir bu komanda stabil olaraq çıxış edir. Məncə, buna görə “Qarabağ”ı təbrik etmək olar. 13 il stabil çıxış etmək… Bu, sadəcə, möhtəşəmdir. Avropada illərdir ki, komanda stabil çıxış edir, daim qruplardadır. Bütün bunları etmək asan məsələ deyil. İndi daha da irəliləmək zamanıdır.
- Səncə, nəyə görə "Neftçi" "Qarabağ"la çempionluq mübarizəsi apara bilmir?
- Problemin nədən qaynaqlandığını anlamıram. Bilirsiz, “Neftçi”də gördüyüm əsas mövzu futbolçuların daim, tez-tez dəyişilməsidir. Futbolçu sarıdan bu komandada stabillik yoxdur. Məsələn, komandada ardıcıl üç ildir ki, çıxış edən futbolçu yoxdur. Hər altı ay və ya bir ildən sonra oyunçular dəyişilir, heyət fərqli olur. “Neftçi” isə daim çempionluq uğrunda mübarizə aparmalıdır. Çünki bu böyük addır. Yəqin ki, “Neftçi” təslim olmayacaq. Məncə, onlar da sona qədər mübarizə aparacaq. Qarşıda hələ çox oyun var.
- "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampfdır. Onun barəsində nə düşünürsən? Səncə, "Neftçi" güclü heyətə malikdir?
- Doğrudur, Azərbaycan çempionatına baxıram. Amma çox oyuna baxmamışam. Hər halda, baş məşqçi məsələsi, oyunçu seçimi, seleksiya, bütün bunlar önəmlidir. Baş məşqçi komandaya lazımlı və istəniləni verə biləcək futbolçuları seçməlidir. Amma baş məşqçini tez-tez dəyişmək, iki aydan sonra əvəzləməyi də düzgün hesab etmirəm. Baş məşqçi də öz fəlsəfəsini yeritmək, komandasını qurmaq üçün zamana ehtiyacı var. Məşqçiyə də zaman vermək lazımdır.
- Hərdən futbol agenti kimi də çalışırsan. Özün də “Srvena Zvezda”da da oynamısan, Serbiya klubları ilə münasibətin yaxşıdır. Maraqlıdır, indiyə qədər heç adıçəkilən kluba azərbaycanlı futbolçu təklif etmisən?
- Ad çəkməyəcəm. Çünki doğru olmazdı. Amma azərbaycanlı futbolçular arasında “Srvena Zvezda”da oynaya bilənlər var. Baxaq da, bəlkə də, kimisə “Srvena Zvezda”ya apardıq. Amma baxdığım və əvvəldən də, gördüyüm qədərilə xaricdə oynayan azərbaycanlı futbolçular sanki darıxır, tez ölkəyə qayıdır. Pul var, şərait var, niyə ölkə xaricində oynasınlar? Azərbaycan futbolunun əsas problemlərindən biri də budur ki, ölkə xaricində oynayan azərbaycanlı futbolçular yoxdur. Olsa da, çox azdır. Onların sayı artmalıdır. Artması, milliyə də kömək olacaq.
- Balkan ölkələrindən Xorvatiyada - “Dinamo”da (Zaqreb) Azərbaycan millisinin üzvü Mahir Emreli çıxış edir. Amma onun çıxışını o qədər də uğurlu hesab etmək olmaz. Səncə, daha çox oynaması üçün başqa kluba getməlidir?
- “Dinamo” yaxşı komandadır. Bu klubdan çox futbolçu çıxır, Avropanın sayılıb-seçilən liqalarına da oyunçular göndərir. Mahirə gəlincə, əgər alınmırsa, daha yaxşısı çempionatın yarısında komandasını dəyişməkdir. Bəlkə də, daha uğurlu olar.
- “Neftçi” və “Qarabağ”da oynamısan. Hansı komandanın çempion olmasını istəyirsən? Səncə, “Neftçi”nin də “Qarabağ” qədər daim avrokuboklarda qrup mərhələlərində oynayacaq zamanı çatacaq?
- “Qarabağ” yaxşı irəliləyir və insanlar artıq nə edəcəyini bilirlər. Avropada da “Qarabağ”ı çox yaxşı tanıyırlar, nəticələrini görürlər. “Neftçi”də oynadığım vaxtları isə xatırlayıram, ürəyimdə qalıb hamısı. Çünki ən yaxşı dönəmdə orada oynamışam. Ümidvaram ki, “Neftçi”nin də Avropada stabil oynayacağı dövr gələcək. Avrokuboklarda da uğurlu çıxış edəcəklər.
- Azərbaycan millisinin də sabiq üzvüsən. Yığmamız son 5 oyunda qalib gəlib. Amma bəziləri bunu ciddi, digərləri isə o qədər də ciddi qəbul etmir. Sənin fikrin necədir?
- Təbii ki, hər qələbə önəmlidir və tarixdə qalır. Azərbaycan millisi qalib gələndə mən həmişə xoşbəxt oluram. Çünki Azərbaycanı çox sevirəm. Amma unutmayaq ki, çempionat güclü olmasa, milli də güclü olmayacaq. Ümidvaram ki, hər şey çox yaxşı olacaq. Azərbaycan millisini sevdiyimə görə onlara ancaq hər zaman uğurlar, qələbələr arzulayıram.
- Azərbaycan millisi AÇ-2024-ün seçmə mərhələsində Belçika, İsveç, Estoniya və Avstriya ilə eyni qrupda mübarizə aparacaq. Milli komandamızın şanslarını necə dəyərləndirirsən?
- Təbii ki, qrup çətindir. Hər bir komanda güclüdür. İstənilən rəqiblə oyuna yüksək motivasiya ilə və yaxşı hazırlaşmaq lazımdır. Asan olmayacaq, çətin keçəcək. Amma şans həmişə var. İnanıram ki, Azərbaycan bu qrupda uğurlu nəticə əldə edə biləcək.