Branimir Subaşiç: "Bojoviçi "Neftçi"yə mən gətirməmişəm" - Müsahibə
19.02.2024 - 20:41
Branimir Subaşiç: "Bojoviçi "Neftçi"yə mən gətirməmişəm" - Müsahibə

Millimizin və "Neftçi"nin sabiq forvardı, ən yaddaqalan hücumçularından olan Branimir Subaşiç apasport.az saytına müsahibə verib.

- Yəqin ki, "Neftçi"nin çıxışını izləyirsən. Qış fasiləsindən sonra oyunlara pis başlamasalar da, sonradan uğursuz nəticələr başladı. Səncə, bu, nə ilə bağlıdır?
- Hər bir baş məşqçi üçün zamana ehtiyac var. Futbolda hər şey birdən-birə, istədiyin kimi olmur. "Neftçi"nin baş məşqçisi dəyişdirildi. Adrian Mutu göndərildi, Miodraq Bojoviç gətirildi. Təbii ki, ona da zaman lazımdır. Bojoviçin yaxşı məşqçi olduğunu bilirəm. Ancaq onun üçün də zaman lazımdır ki, istədiyi sistemi qursun, yaratsın. Futbolda isə hər şey tez bir zamanda olmur.

- Bojoviç "Srvena Zvezda"da çempionluq yaşayıb. Səncə, "Neftçi"də işləri qaydasına sala biləcək?
- Əlbəttə, bu, ola bilər. "Srvena Zvezda"da çox yaxşı işləmişdi. Üstəlik, Rusiyada da çox yaxşı işlər ortaya qoyub. Yaxşı nəticələr qazanıb. O, yaxşı və təcrübəli mütəxəssisdir. "Neftçi"də ona zaman lazımdır. Zaman keçdikcə, daha yaxşı komanda görə bilərik. Təbii ki, o, "Neftçi"də öz heyətini qurmalıdır. Hər halda, komandanın özəyi əvvəllər var idi, onun zamanında gələn futbolçular deyil. Amma indi yeni futbolçular gətirmək, yeni, istədiyi komandanı qurmaq mümkün deyil. Çünki mövsüm davam edir. Yəqin ki, bunlar cari mövsümün sonunda baş verə bilər.

- Mətbuatda Miodraq Bojoviçi sizin "Neftçi"yə gətirməyinizlə bağlı xəbərlər yayılıb...
- Təbii ki, belə deyil. Mən Miodraq Bojoviçi yaxşı tanıyıram. "Neftçi"ni çox sevirəm, onların uğurlarına hər zaman sevinərəm. Bojoviçi yaxşı məşqçi kimi tanıyıram. Mən ara-sıra menecerliklə də məşğul oluram. Amma Bojoviçi "Neftçi"yə mən gətirməmişəm. Sadəcə olaraq, dediyim kimi, bu məşqçini tanıyırdım. Ümid edirəm ki, "Neftçi"dəki işi də yaxşı alınar.

- Onun qarşısına "Neftçi"yə ölkə kubokunu və ölkə çempionatında da ikinciliyi qazandırmaq vəzifəsi qoyulub. Səncə, o, bunu edə biləcək?
- Əlbəttə, edə bilər. Həm ölkə kubokunda, həm də ölkə çempionatında qarşıda hələ çox oyun var. Kubokda da mərhələ adladılar, yarımfinala çıxdılar. İnanıram və ümid edirəm ki, "Neftçi"nin həm kubokda, həm də çempionatda işləri qaydasında gedəcək və istədikləri nəticələri əldə edəcəklər. Nə qədər asan olmasa da, bunlar hamısı mümkündür.

- Ölkə kubokunda yarımfinaldakı rəqib "Qarabağ"dır. Belədə, final real görünür?
- Bəli, istənilən halda, hər şey realdır. Doğrudur, "Qarabağ" çox güclüdür. Onlar avrokuboklarda bunu bütün dünyaya sübut edir. Amma ora başqa turnirdir, Azərbaycan kuboku başqa. Ümid edirəm ki, "Neftçi" ölkə kubokunda finala çıxaraq, kubokun sahibi olacaq. Oradan da avrokuboklara yollanarlar. Miodraq Bojoviç Rusiya kubokunda finalda az olmayıb, kuboku da qazanıb. Bu da ona "Neftçi" ilə kubokda istədiyi nəticələrə çatmaq üçün kömək ola bilər. Hər şey mümkündür. Yeri gəlmişkən, "Qarabağ"ı da avrokuboklardakı əla nəticələrə görə təbrik edirəm. 

writer photo
Əlirza Əlirzalı
0