“Viktoriya” Bakıda “Qarabağ”la layiqli heç-heçə etdi”.
Apasport.az saytının məlumatına görə, bunu çexiyalı futbol məşqçisi Miroslav Jirkal Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”la Plzen “Viktoriya”sı arasında Bakıda keçirilən ilk oyun barədə danışarkən deyib.
57 yaşlı mütəxəssis həmyerlilərinin 0:0 hesabı ilə başa çatan görüşdəki performansını yüksək qiymətləndirib: “Statistikaya görə, “Qarabağ” aşkar üstün oynadı. Amma əslində belə deyildi. “Viktoriya” taktiki baxımdan əla oyun göstərdi, rəqibə boşluq vermədi. Əksinə, birinci hissədə qol vurmalı olduqları üç perspektivli hücum qurdular. “Qarabağ”ın iki oyununa baxmışdım, onlarda Kadi Borqes tam fərqli görünürdü. O, sol ayağı ilə ötərmələr verərək, komanda yoldaşlarını tapmağı bacarır. Lakin Lukaş Kalvax onu elə bağladı ki, “Viktoriya” ilə görüşdə bir dəfə də olsun son ötürmə verə bilmədi”.
Sabiq qapıçı “Qarabağ”la matçda bir neçə qurtarışa imza atan “Viktoriya”nın qapıçısı Yindrjix Staneki də tərifləyib: “Stanek gülləkeçirməz olduğunu və Çexiya millisi üçün böyüdüyünü “Qarabağ” önündə bir daha sübut etdi. Onun performans limiti həqiqətən yüksəkdir. Meydanda komanda yoldaşlarına rahatlıq verir. Stanek özünəinam qazanıb, yüksək topları qaçırmır, küncləri bağlayır və komandanı arxasınca aparmaq qabiliyyətinə malikdir”.
Miroslav Jirkal bu komandalar arasındakı cavab oyunu barədə ümidli danışıb: “Düşünürəm ki, cavab oyununda daha çətin olacaq. Hər iki komanda hər şeyini ortaya qoyacaq. Amma unutmayaq ki, “Viktoriya” Plzendə çıxış edəcək. Bütün ölkə komandanın arxasında duracaq. Bunun da mütləq təsiri olacaq. “Viktoriya” mütləq qol şansı yaradacaq. Bir qol hər şeyi həll edə bilər”.
Qeyd edək ki, avqustun 23-də Plzendəki “Duşan Arena”da keçiriləcək “Viktoriya” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.