“Millidən danışaraq sözümü ucuzlaşdırmaq, qiymətini öldürmək istəmirəm. Əgər deyilən söz kiməsə çatırsa, deyilsin. Yox, çatmırsa, boş yerə niyə danışaq? Nəsə fikir bildirəndə də bəziləri deyir ki, boş-boş danışırlar”.
Bunu apasport.az saytına açıqlamasında futbol veteranı Ceyhun Sultanov deyib.
Azərbaycan yığmasının Millətlər Liqasındakı çıxışına münasibət bildirən futbol meneceri komandamızın ilk 3 turda cəmi 1 xal toplamasından və hələ də qol hesabını aça bilməməsindən gileylənib: “Millidən yaxşı oyun gözləyirəm, onu da bacarmırlar. Yaxşı oyunu qoyuram kənara, heç olmasa bir qol vursunlar, biz də sevinək. Neçə oyundur bunu da edə bilmirlər. Bircə dəfə qol vursunlar, biz də rəqib qapısının torunun silkələnməsini görək”.
Sultanovun fikrincə, heyətləri müqayisə etdikdə yığmamız qrupdakı digər rəqiblər Qazaxıstan və Belarusdan güclüdür: “Bizim yığmamız əslində Qazaxıstandan da, Belarusdan da güclüdür. Qazaxıstanın oyununa baxdım, düşündüm ki, hansısa birinci liqa səviyyəsində olan komandanın müdafiəsidir. Görün də, biz həmin müdafiəni də yara bilmədik. Çünki komandamızın üzvlərinin heç biri təkbətək mübarizələrdə rəqibi aldada bilmir, hamısı topu özündən uzaqlaşdıran futbolçulardır. Müasir futbolda rəqibin bir oyunçusunu aldatsan üstünlük yaradırsan. Bunu bacarmırıqsa, nədən danışa bilərik? Yalnız bir qol görüb, sevinmək istəyirik”.
Qeyd edək ki, Azərbaycan yığması Millətlər Liqasının qrup mərhələsinin IV turu çərçivəsində bu gün “Dalğa Arena”da Belarusu qəbul edəcək.