"Şahruddin "Qarabağ"da son illərdə çox təzyiqə məruz qaldı. Məncə, o, "Adana Dəmirspor"a keçməklə düzgün addım atdı”.
Bunu apasport.az saytına "Neftçi" sabiq idman direktoru, hazırda futbol meneceri olan Ceyhun Sultanov deyib.
O, yığmamızın qapıçısı Şahruddin Məhəmmədəliyevin "Qarabağ"dan "Adana Demirspor"a keçidini şərh edib. O, artıq Türkiyə klubunda da ilk məşqçinə çıxan qolkiperin gedişini müsbət qiymətləndirib: “Neçə illərdir ki, "Qarabağ"daydı. Bu illər ərzində yaxşı da, pis də oyunları olub. Millidə də belədir. Amma futbolçuya bu qədər təzyiq etmək düzgün deyil. Elə oyunlar oldu ki, "Qarabağ"ı ağır matçlardan çıxardı. Millidə də çox yaxşı oyunları oldu. Bəlkə də, bir komandada uzun illər olmaq ona sıxıcı gəldi. Türkiyəyə getməyi, xaricə yollanmağı yaxşı oldu. Amma orada bərkimək söhbəti var. Adana klubunda əsas heyətdə yer alacaqsa, əla addımdır. Yox, dayanmayacaqsa, bir az müzakirə olunacaq ki, niyə dayanmır? Belədə, milli komandadakı yerini də itirə bilər. Ona uğurlar arzulayıram. Türkiyə Superliqasının digər təmsilçisi "Hatayspor"a keçən Renat Dasaşova da uğurlar arzu edirəm. Superliqa klublarına gedən futbolçuların inkişaf etməsi daha yaxşıdır, nəinki birinci divizion klublarına getmək".
Qeyd edək ki, Məhəmmədəliyev "Adana Demirspor"la 2 illik müqavilə imzalayıb.