Cüneyt Biçer: "Toral Bayramov və Mahir Emreli ilə yenidən birlikdə işləmək istəyərdim" - Müsahibə
18.03.2024 - 17:07
Cüneyt Biçer: "Toral Bayramov və Mahir Emreli ilə yenidən birlikdə işləmək istəyərdim" - Müsahibə

"Bakı" və "Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Cüneyt Biçer hazırda Türkiyə birinci liqasında yarışan "Altay"ı çalışdırır. Türkiyəli mütəxəssis apasport.az saytına müsahibəsində Türkiyədə oynayan azərbaycanlı futbolçular barədə də danışıb.

- "Altay"da işlərini necə gedir? Komanda 17-ci pillədədir. Sizcə, kollektivi birinci liqada saxlaya biləcəksiz?
- "Altay"da işə başladığım zamanda və indiki vaxtda da klubun maddi sarıdan ciddi problemləri var idi. Düzünü desəm, indi də davam edir. Bəzi oyunçular bu müddətdə komandadan ayrıldı və gənc bir heyətlə mübarizə aparmaq durumunda qaldıq. Birinci məqsəd gələcəyi düşünərək gənc oyunçulardan ibarət bir kollektiv qurmaqdır. Təbii ki, bunun da yanında bu il edə biləcəyimizin ən yaxşısını etmək çox önəmlidir. Liqada qala bilərikmi? Bunu bilmirəm. Amma gələcəyə yönümlü bir heyət qurmağa başladığımızı deyə bilərəm.

- "Bakı" və "Xəzər Lənkəran"da çalışmağınız, ümumiyyətlə, Azərbaycanda məşqçilik etməyiniz karyeranıza necə təsir göstərib?
- Bəli, "Xəzər Lənkəran" və "Bakı"da işləmişəm. Azərbaycandakı təcrübələr mənim üçün çox dəyərli, qiymətlidir. O təcrübəni də hər zaman istifadə edirəm. Orada sevərək işləmişəm, ən yaxşı şəkildə işimi yerinə yetirmişəm.

- Türkiyə birinci liqasında azərbaycanlı oyunçular çoxdur. Sizin diqqətinizi çəkən hansı oldu? Daha yaxşı performansı kim göstərir?
- Doğrudur, hazırda Türkiyə liqalarında azərbaycanlı futbolçuların sayı artdı. Məncə, bu da çox gözəl durumdur. Fikrimcə, zaman-zaman bütün oyunçular öz klublarında yaxşı performans göstərirlər. Enişlər və yüksəlişlər ola bilər. Amma məncə, ümumilikdə buradakı bütün futbolçular Azərbaycanı layiqincə təmsil edirlər. Onları bir-birindən ayırmaq istəməzdim. Lakin dediyim kimi, Türkiyə Superliqası və Birinci Liqadakı futbolçular Azərbaycanı layiqincə təmsil edir.

- Oradakı azərbaycanlı futbolçular arasında ən iddialı komandada Ramil Şeydayev oynayır. Belə ki, onu Kocaelispor"a böyük ümidlərlə dəvət ediblər. Amma görünür ki, azarkeşlər onun performansından razı deyil...
- Ramil Şeydayev çox da yaxşı vaxt keçirmədi. Amma "Kocaelispor" özü də dalğalı dönəm yaşayır. Bunu da unutmaq olmaz. Bunun özü də Ramilin durumuna təsir göstərə bilər.  

- Bir çox klubda azərbaycanlı oyunçular oynasa da, "Altay"da yoxdur. Yeni mövsüm üçün komandaya Azərbaycandan olan futbolçu cəlb etmək istəyirsiz? Ağlınızda olan biri var?
- Allah qoysa, "Altay"ı liqada saxlayarıq. Bundan sonra isə şansımız olarsa, bütün azərbaycanlı futbolçular qiymətlidir. Amma mən çox kiçik yaşlarını birliktdə yaşadığımız, birlikdə keçirdiyimiz, çalışdığımız və hazırkı durumlarından qürur duyduğum Toral Bayramov və Mahir Emreli ilə yenidən birlikdə işləmək istəyərdim. Onları çox yaxşı xatırlayıram. Hər zaman da izləyirəm, karyeralarını yaxından bələdəm. Zaman hər şeyi göstərəcək. Necə olacağını mövsümün sonunda görəcəyik. Təki, hər şey yaxşı olsun və biz liqadakı yermizi qoruyub-saxlayaq. Ondan sonra bu məsələni müzakirə etmək olar.

writer photo
Əlirza Əlirzalı
0