De Byazi Qaradan danışdı: “Özünü yaxşı aparmalısan”
24.09.2022 - 20:27
De Byazi Qaradan danışdı: “Özünü yaxşı aparmalısan”

“Komandamdakı bütün futbolçulardan razıyam”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi deyib.

Millətlər Liqasının Qazaxıstanla sabahkı oyunu ərəfəsində mətbuat konfransında iştirak edən italiyalı mütəxəssis Qara Qarayev və Rəhim Sadıxovun yığmadan kənar qalması barədə sualı cavablandırıb. Onların milliyə qayıdışını istisna etməyən mütəxəssis iradını da qeyd edib: “Keçmişə baxsaq, adlarını çəkdiyiniz oyunçularla da çox uduzmuşuq. Millinin qapısı hamının üzünə açıqdır. Yığmadasansa, özünü yaxşı aparmalısan”.

De Byazi Qara ilə bağlı problemin təfərrüatını açıqlamamağının səbəbinə də aydınlıq gətirib: "Özü soruşsa, deyərəm. Amma soruşmayıb. Qara səbəbi sizdən də, məndən də yaxşı bilir. Heç vaxt komandada olan sirri aça bilmərəm. Bu, düzgün deyil. Belə etsək, böyük bir komanda qura bilmərik. Bunu intriqa yaradan insanlar danışır. Bəzən güzgüyə baxıb, nəyi düzgün etdiyimi fikirləşirəm. Digər insanlar da belə davranmalıdır. Mən iki dəfə dedim, anlamadınız. Olar, komandanı bildiyim kimi idarə edim? Sonra kənarda bir saat danışa bilərik. Mən əvvəl jurnalist olmuşam. Sanki başqa dünyadayıq, bir-birimizi anlamırıq".

Qeyd edək ki, De Byazi sentyabr oyunlarına çağırdığı 26 futbolçudan ibarət siyahıda Qara Qarayev və Rəhim Sadıxova yer verməyib.
 

writer photo
Əlirza Əlirzalı
0