Voleybol üzrə qadınlar arasında ölkə birinciliyində final mərhələsi start götürüb.
Apasport.az xəbər verir ki, Bu gün Voleybol Mərkəzində Yüksək Liqanın bürünc və qızıl medalları uğrunda ilk oyunlar keçirilib.
Günün 1-ci matçı çempionluq üçün yarışan "Azərreyl" və "Abşeron" klubları arasında olub. Görüş gərgin başlayıb. Uzatmaya qədər davam edən ilk setdə "Azərreyl" 26:24 hesabı ilə üstün olub. "Abşeron" klubu 2-ci hissədə çox çalışsa da, set yenə Eldar Yusubovun komandasının qələbəsi ilə yekunlaşıb – 25:22. Növbəti hissədə tam təşəbbüsə yiyələnən "Azərreyl" 25:13 hesabı ilə qalib gəlib. Beləliklə, çempionluq uğrunda ilk matçı "Azərreyl" 3:0 hesabı ilə öz xeyrinə yekunlaşdırıb.
Sonra meydana 3-cülük üçün mübarizə aparan "Murov" və UNEC kollektivləri çıxıblar. Bu qarşılaşma da 3 hissə davam edib. Vüqar Əliyevin yetirmələri setlərdə müvafiq olaraq 25:14, 25:12 və 25:16 hesabları ilə qalib gələrək oyunu quru hesabla öz xeyirlərinə başa vurublar. Bununla da "Murov" bürünc medal uğrunda ilk qələbəsini qazanıb.
Qeyd edək ki, komandalar bu mərhələdə 3 qələbəyədək mübarizə aparırlar.
Yüksək Liqa
12 aprel
Final (1-ci oyun)
"Azərreyl" – "Abşeron" 3:0 (26:24, 25:22, 25:13)
Bürünc medal uğrunda (1-ci oyun)
"Murov" – UNEC 3:0 (25:14, 25:12, 25:16)