"Qarabağ"ın sabiq futbolçusu Kənan Kərimovun apasport.az saytına müsahibəsi
- "Qarabağ" sona iki tur qalmış çempionluğu rəsmiləşdirdi. Sizcə bunu daha tez etmək olardı?
- İki tur qalmış çempion olmaları o demək deyil ki, "Qarabağ" bu mövsüm çətinliklərlə üzləşdi. Düzdür, "Sabah" zaman-zaman onlara problem yaratdı. Bəzən yaxınlaşırdılar. Amma "Qarabağ" çətinlik çəkmədi. "Sabah"ın ikinci yerə layiq olduğunu göstərdi.
- "Qarabağ"ın Çempionlar Liqasında qruplara qalması üçün yeni transferlərə ehtiyacı var?
- Hamımız istəyərik ki, "Qarabağ" Çempionlar Liqasının qruplarına düşsün. Bunun üçün transferlərə ehtiyacı var. Ümid edək ki, bu da olacaq.
- Qışdakı transferlər sizcə özünüzü doğrultdu? Doğrultmayıblarsa, göndərmək lazımdır?
- Məncə, yeni gələnlər özlərini bir o qədər göstərmədi. Onların göndərilib-göndərilməməsi klubun daxili işidir. Amma ən azından yenə üç transferə ehtiyacları var. Eşitdiyimə görə, Ramil Şeydayevin də "Qarabağ" dan ayrıla bilər.
- Hansı mövqelər gücləndirilməlidir?
- Təbii ki, hər komandanın yeni transferlərə ehtiyacı var. Hücum, dayaq və 10 nömrə mövqeyində komandanın səviyyəli legionerlərə ehtiyacı var. Qrupa düşməsi üçün bunu etməlidirlər.
- Bombardirlər siyahısında Ramil Şeydayev və Musa Qurbanlı mübarizə aparır. Sizcə bombardirlik yarışında hansı qazanacaq?
- Hamımız üçün sevindirici haldır ki, bombardirlər yarışında azərbaycanlı futbolçular başçılıq edir. Məncə, Ramil daha şanslıdır. Çünki iki top öndədir və sona da cəmi iki tur qalıb. Elə bombardir olmağa o daha şanslıdır. Qismətdir. Əsas odur ki, azərbaycanlılar bombardirlər siyahısına başçılıq edir.