Dmitri Klots: “Əgər kimsə Azərbaycana getmək istəsə...”
07.10.2022 - 16:48
Dmitri Klots: “Əgər kimsə Azərbaycana getmək istəsə...”

“Azərbaycanda olduğum müddətdə indinin özündə də mənə kömək edən böyük təcrübə qazandım”.

Apasport.az saytının məlumatına görə, bunu Ukraynanın “Veres” klubunun yarımmüdafiəçisi Dmitri Klots ölkəsinin mətbuatına müsahibəsində deyib.

Ölkəmizdə “Keşlə” (indiki “Şamaxı”) və “Sabah”ın formasını geyinmiş 26 yaşlı orta sahə oyunçusu 2020-ci ilin yayında Azərbaycana yollanmazdan əvvəl başqa təkliflərinin olduğunu da açıqlayıb: “Bu haqda danışmaq üzücüdür, amma Azərbaycana ilk dəfə getdiyim vaxt klubum “Karpatı” dağılırdı. Ukrayna Premyer Liqasından 3-4 təklifim var idi, ancaq onlar lider mövqelərdə olan komandalar deyildi. Azərbaycan kubokunu qazanan və avrokuboklarda çıxış etməyə hazırlaşan “Keşlə”dən dəvət aldım. Bunu yeni çağırış kimi qəbul etdim və avrokuboklarda debüt etmək istədim”.

Klots Azərbaycan barədə xoş fikirlər də səsləndirib. O, həmyerlilərinə ölkəmizə yollanmağı məsləhət görüb: “Ayrı-ayrılıqda azərbaycanlı futbolçulara və ümumilikdə onların millətinə hörmətlə yanaşıram. Çox mehriban insanlardır. Əgər kimsə ora getmək istəsə, mən həmişə bu variantı tövsiyə edəcəyəm. Çünki Azərbaycanda mütləq yaxşı və qonaqpərvərliklə qarşılanacaqsınız”.

Qeyd edək ki, Dmitri Klots 2020/21 mövsümünün ilk dövrəsini “Şamaxı”da, ikinci yarısını isə “Sabah”da keçirib.
 

writer photo
Əlirza Əlirzalı
0