“Qarabağ”ın sabiq futbolçusu Əfran İsmayılov apasport.az saytına müsahibə verib.
- “Qarabağ” evdə “Bayer”lə 2:2 hesablı bərabərliyə sevindi. Bu cür hesabı təxmin edirdin?
- Əlbəttə ki, bu cür nəticə gözləyirdim. Niyə də gözləməyim? Əslində, demişdim ki, "Qarabağ" "Bayer"lə ən azından heç-heçə oynayacaq. Dediyim də, oldu. Hətta komandamızın udacağına da inanırdım. Juninyo ikinci yarıdakı o epizodu vursaydı, qələbə də qazanardıq. Amma təəssüf ki, alınmadı. Hər halda, “Qarabağ” "Bayer"ə qarşı mükəmməl oynadı. İlk yarıda demək olar ki, tamamilə üstünlük bizdə idi. Sonradan yorulduq. Hər halda, heç-heçə edə bildik.
- Səhv etmirəmsə, oyundan əvvəl “Bayer”dən qorxmamalı olduğumuzu demişdin, sən də “Qarabağ”a inanırdın...
- Mən "Qarabağ"a həmişə inanmışam. Bu komandanın yetərincə Avropa təcrübəsi var, heyətlərində keyfiyyətli oyunçular yer alıb, Qurban Qurbanov kimi keyfiyyətli baş məşqçiyə sahibdirlər. “Qarabağ” öz futbolunu oynadısa, demək ki, istənilən rəqibə qarşı oynaya bilər. Mən onlara həmişə inanmışam, inanmağa da davam edəcək. “Qarabağ” “Bayer”dən üstün futbol nümayiş etdirdi. Hər halda, Xabi Alonso özü oyundan sonra dedi ki, bəxtləri gətirdi.
- “Qarabağ”ın qrupdakı “Bayer”ə qarşı oyundan daha inamlı, daha fərqli oynamasını necə dəyərləndirirsən? “Qarabağ” oyuna çox yaxşı hazırlaşmışdı?
- "Qarabağ" bütün matçlara ciddi hazırlaşır. Avrokuboklarda pley-off matçları elədir ki, 2 oyundan ibarət olur. Hər futbolçu bunu dərk edir, nə gücü var meydanda qoyur. Ən yaxşı, ən keyfiyyətli oyununu oynamağa çalışır. Ona görə də, hər şey olur.
- Sona 20 dəqiqə qalmış “Qarabağ”ın qələbə hesabını qoruyub-saxlaya bilməməyini nə ilə əlaqələndirirsən? Səncə, güc çatmadı, yoxsa dözümlülük?
- Məncə, bu, yorğunluqla əlaqəlidir. Üstəlik, “Bayer”in ehtiyat qüvvəsi meydana daxil oldu. Çox keyfiyyətli oyunçulara sahibdirlər. Xabi Alonso ikinci yarıda Virtzi meydana buraxdı, o da oyunun axarını dəyişdi. O, komandasının heç-heçə qazanmasına səbəb oldu.
- “Qarabağ” cavab matçı üçün Leverkuzenə yollanacaq. Ağdam klubunun bu görüşdəki şanslarını və ümumiyyətlə, 1/4 final şanslarını necə dəyərləndirirsən? Şans var, yoxsa çox az görünür?
- “Bayer” çox güclü rəqibdir. Çox ağır səfər olacaq. Lakin elə olmayacaq ki, “Bayer” nə qədər istəyir bizə qol vursun. Çox çətinliklər olacaq. İlk dəqiqələrdə qol buraxmasaq, 15-20 dəqiqə dözsək, hesab yaxşı bitəcək. Məncə, “Bayer” 2:1, 3:1 və ya 2:0 udacaq. Amma şans var. Sadəcə real götürsək, az görünür. “Qarabağ” isə futbol oynaya bilir. Bunu da göstərdilər. Onlar Bakıda “Bayer”i də ayıltdılar. Onlar dərk edir ki, “Qarabağ”la zarafat etmək, birinci-ikinci heyəti fikirləşib, rotasiyalar etmək olmaz. Anladılar ki, “Qarabağ”la oyuna ciddi hazırlaşmaq lazımdır. Əslində, bu da bizim üçün mənfi haldır.