Azərbaycan Premyer Liqasının 2024/2025 mövsümünün püşkatma mərasimi keçirilir.
Apasport.az xəbər verir ki, tədbirdə PFL-in prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov jurnalistlərin suallarını cavablandırıb:
- Bir komanda maksimum iki stadion sifariş verə bilər?
- Klublar əsas və ehtiyat meydança sifariş verə bilərlər. Əsas stadion sifariş edən klub meydança korlanana qədər orada oynamalıdır. Bu yoxdursa, “Kəpəz” “Turan Tovuz”un stadionundan istifadə edəcəksə, mövsümün sonuna qədər olmalıdır. Fors-major hal olacaqsa, ehtiyat stadion da sifariş edilibsə, komanda orada oynaya bilər. Ehtiyat stadion sifariş verilməyibsə, başqa stadiona müraciət edə bilərlər.
- Yeni sezonda da Əvəzedicilər Liqası keçiriləcək?
- Bu mövsüm də ənənəvi qaydada davam edəcək. Avqustun 3-də liqa başlayacaq. Bu liqa həm klublarımız, həm də futbolumuz üçün faydalıdır.
- Hakimlərlə bağlı məsələ necə tənzimlənəcək?
- Bu məsələ ilə bağlı PFL rəsmisi olaraq geniş danışmaq imkanım yoxdur. Bu məqamları AFFA İK-nin iclasından izləyirik. Yəqin ki, ətraflı məlumat veriləcək.
- Noyabrda COP-29 tədbiri keçiriləcək. Bununla bağlı hansı addımlar atılacaq?
- Bu məsələni keçən mövsümün sonlarından müzakirəyə qaldırmışıq. Həmin ərəfədə Birinci Liqa, İkinci Liqa və Əvəzedici Liqa, həmçinin kubok oyunları nəzərdə tutulmur. Premyer Liqa oyunları milli fasiləyə təsadüf edir. Ona görə də, hansısa dəyişikliyə ehtiyac qalmayacaq. Amma təqvimdə əksini tapacaq.
- AVRO-2024-dəki toplardan istifadə olunacağını demişdiz...
- Bəli, elədir. Həmin toplardan istifadə olunacaq. Ən yüksək standartlarla hazırlanmış toplardır. Detallarla bağlı araşdırma edib, daha sonra sizə məlumat verərik.
- Ötən mövsüm Premyer Liqa və Birinci Liqadakı legioner rüsumları fərqli idi. Dəyişikliklər olacaq?
- Premyer Liqada heç bir dəyişiklik yoxdur. Ötən mövsümkü kimi tənzimlənmə olacaq. Birinci Liqaya gəldikdə, klubların bəzi nümayəndələri limitin artırılmasının tərəfdarıdır. Əsas niyyətimiz Birinci Liqada klubların daha çox dayanıqlığını, infrastrukturunu yaxşılaşdırmaqdır, nəinki legioner limitini artırmaq.