Elmar Baxşıyev: "Bizə sonuncu pillələrdə getmək yaraşmır"
25.11.2023 - 18:41
Elmar Baxşıyev: "Bizə sonuncu pillələrdə getmək yaraşmır"

Misli Premyer Liqasının XIV turunun "Qəbələ" -"Turan Tovuz" (4:0) matçının ardından ev sahiblərinin baş məşqçisi Elmar Baxşıyevin iştirakı ilə mətbuat konfransı keçirilib.

Apasport.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyun haqqında fikirlərini bildirib.

Baxşıyev daha sonra jurnalistlərin suallarını cavablandırıb.

"Maraqlı oyun alındı. İlk turdan komandamın belə hücumda rəngarəng görünməsini istəyirdim və onlardan bunu tələb edirdim. Oyun üçün müəyyən planlarımız var idi. Hansı ki, onun üzərində də fasilə dönəmində işləyirdik. Sevindirici haldır ki, komanda meydanda onu yerinə yetirə bildi. Komandamı təbrik edirəm. Qələbə qazandıq. Amma biz də bilirik ki, daha yaxşı olmağa cəhd etməliyik. Bu komandanın potensialı var və inanıram ki, oyundan-oyuna daha da sanballı "Qəbələ" görəcəyik".

- Fasilədən sonra iki sürətli əks-hücumdan sonra qol vurdunuz. Bu, ilk yarıdan sonra paltardəyişmə otağında futbolçulara verdiyiniz tapşırıq idi, yoxsa necə?
- Desəm ki, onun üzərində işləmişdik, xeyr. Amma o da işlədiyimiz elementlərdən biridir. Hücumameyilli oyunçularımızın hamısı sürətlidir. Daha çox dominant futbol oynamağa çalışırıq. Amma əlbəttə ki, top həmişə bizdə olmur. Topu ələ keçirdikdə, komandanın qarşısına sürətli əks-hücumlara çıxmaq vəzifəsi də qoyuruq. Bu oyunda alındı.

- Bilal Auaşeriyanı bu gün fərqli mövqedə, hücumda oynatdınız. Bu qərarınızı necə şərh edərdiz? 
- Desəm ki, Bilal sırf 9 nömrədir yalan danışmış olaram. Universal futbolçudur. Üç mövqedə oynaya biləcək oyunçudur. Bizim bu oyun üçün planlarımız var idi, Bilalın sırf hücumçu kimi oynaması da onun tərkib hissələrindən oldu. 

- Bu variant uğurlu alındısa, növbəti matçlarda da istifadə edəcəksiz?
- Ola bilər ki, qarşıdakı matçda cinah yarımmüdafiəçisi kimi başlasın. Oyunumuzu rəqibə görə də qururuq. Amma nəinki Bilal, ehtiyatda olan futbolçularımızı da həmin mövqedə görə bilərik.

- Tam görmək istədiyiniz "Qəbələ" bu idi?
- Tam səmimi deyim, oyun planında çox artırmalıyıq. Futbolçulardan daha çox topa nəzarət etmək tələb olunur. O da ki, oyundan-oyuna yoluna qoyulacaq.

- Bu cür futbol oynayan komanda necə olur ki, turnir cədvəlinin son pillələrində qərarlaşır?
- Bu sualı cavablandırmağa çalışsam, iki gün oturub danışmaq lazım olacaq. Futbol çox sadə, eyni zamanda, mürəkkəb idman növüdür. Əlimin altında bütün futbolçular olanda, daha rəngarəng oynayırıq. Bəzi oyunçular olmayanda, hücumçunu müdafiəmeyilli oynatmağa çalışırıq ki, boşluğu dolduraq. Mən də bilirəm ki, bu komandanın potensialı var. İnanıram ki, "Qəbələ" artıracaq. Bizə və kluba sonuncu pillələrdə getmək yaraşmır.

- "Qarabağ"a qarşı matçda taktikanıza sadiq qalacaqsız, yoxsa müəyyən dəyişikliklər olacaq?
- Öz oyun planımız var. Bilirik ki, "Qarabağ" çempionatımızın hegemonudur. Bu komandaya qarşı da komandanı hazırlayıb, uğurlu nəticəyə köklənəcəyik.

- Bu gün "Qəbələ" ev oyununa səfər formasında çıxmışdı. Bu da uğursuzluğun qarşısını almaq üçün atılmış addım idi?
- İki formamız var, biri qırmızı, digəri ağ. Seçim mənim yox, futbolçuların idi. Bu gün ağ formada oynamaq istədilər.

writer photo
Əlirza Əlirzalı
0