Qurban Qurbanov: “Transfer alınmalı idi, nəsə problem çıxdı”
01.07.2022 - 14:52
Qurban Qurbanov: “Transfer alınmalı idi, nəsə problem çıxdı”

“Bu gün futbolçuların hazırlığından və öz işimizdən tam razı qala bilmərik. Amma bugünkü duruma görə razı qalmalıyam”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “CBC Sport” telekanalına açıqlamasında deyib.

50 yaşlı mütəxəssis komandasının Avstriyadakı təlim-məşq toplanışını dəyərləndirib: “Hazırlıqda düzgün yerinə yetirdiyimiz epizodlar, toxunduğumuz məqamlar çox oldu. Bunu da futbolçular yerinə yetirməyi bacardılar. Amma “Lex”lə oyuna hazırlaşmaq üçün hələ 4-5 gün vaxtımız var. İnanıram ki, bu müddətdə qalan xırda detalları aradan qaldıracağıq. Sadəcə, məni narahat edən məqam futbolçuların bəzilərinin fiziki hazırlıqlarının nisbətən aşağı olmasıdır. Onu da daha yaxşı səviyyəyə qaldırmağa çalışacağıq”.

Qurbanov transfer məsələlərinə də toxunub. O, hələ də axtarışların davam etdiyini söyləyib: “Transfer çalışmaları üzərində daim iş gedir. Hər zaman bu yöndə sual veriləndə eyni cavabı veririk. Olubsa, deyirik ki, transfer etmişik. Yoxdursa da, bildiririk ki, olmaq ehtimalı çoxdur. Elə hallar oldu ki, transfer alınmalı idi, son dəqiqələrdə nəsə problem çıxdı. İstənilən halda axtarışlarımız gedir. Avrokuboklarda uzunmüddətli iştirak edib-etməməyimizin fərqi yoxdur. Harada çatışmazlıq varsa, onu aradan qaldırmağa çalışırıq. Bəzi mövqelərdəki oyunçuların sayını çoxaltmaq istəyirik”.

Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununu iyulun 5-də Polşada “Lex”ə qarşı keçirəcək.
 

writer photo
Əlirza Əlirzalı
0