Elmar Baxşıyev : De Byazi "Qəbələ" üçün... - Eksklüziv
24.11.2023 - 12:51
Elmar Baxşıyev : De Byazi "Qəbələ" üçün... - Eksklüziv

"De Byazi işlədiyi dönəmdə həm müsbət, həm də mənfi məqamlarla yadda qaldı"

Bu sözləri apasport.az saytına açıqlamasında "Qəbələ" klubunun baş məşqçisi Elmar Baxşıyev millinin baş məşqçi dəyişikliyinə münasibət bildirərkən deyib.

O, italyan mütəxəssisin fəaliyyətinin müsbət tərəflərindən biri kimi klub oyunçusunun milliyə cəlb olunmasını vurğulayıb: "Məsələni sırf şəxsi tərəfdən götürsək, futbolçumuz Emil Səfərovun inkişaf elədiyi zamanda milliyə cəlb olunması və oynamağa başlaması mənim üçün, "Qəbələ" klubu üçün xoş və vacib məqam idi".

Baxşıyev, millinin yeni baş məşqçisi kimi yerli namizədə üstünlük verilməsinin daha məhsuldar olacağını hesab edir: "Əsas məsələ yeni məşqçinin yaxşı, məsuliyyətli işləməsidir. Yaxşı işləməsi üçün də lazımı şərait yaradılmalıdır. Ondan sonra yerli və ya əcnəbi olması çox da fərq eləmir. Düzdür, yerli məşqçi olmağının əlavə üstünlükləri var. Çünki, azərbaycanlı futbolçuları daha yaxşı tanıyır. Onların mental düşüncələrinə yaxından bələddir. Həmçinin yerli məşqçi olarsa, həmin şəxsin millinin baş məşqçi vəzifəsində inkişafı üçün də xoş olar. Azərbaycan futbolu yaxşı, yüksək səviyyədə məşqçi qazanmış olar".

Qeyd edək ki, 2020-ci ildən yığmamızın baş məşqçisi olan Canni De Byazinin müqaviləsinin müddəti uzadılmayıb. AVRO-2024-ün seçmə mərhələsinin F qrupunda yer alan Azərbaycan millisi isə tsiklı 7 xalla 4-cü yerdə başa vurub.

writer photo
Əlirza Əlirzalı
0