Misli Premyer Liqasının XXXII turu çərçivəsində "Zirə" doğma meydanda "Araz Naxçıvan"ı qəbul edib (0:1).
Apasport.az xəbər verir ki, matçdan sonra baş tutan mətbuat konfransında qonaqların baş məşqçisi Elmar Baxşıyev oyun barədə fikirlərini bildirib.
Mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:
"İlk qələbədir. Amma daha çox komandamın meydança intizamının olması məni sevindirir. Komanda bu gün əzmkarlıq göstərdi. Bərabər səviyyəli oyun gördük. Komandamı təbrik edirəm. Qarşıdakı dörd oyuna da ciddi hazırlaşacağıq".
- Oyuna müdafiəyəmeyilli başlamağınız rəqib baş məşqçini təəccübləndirdi...
- Oyun seçimi mənim idi. Mən daha çox komandanın belə oynamasını istəyirəm. Rəqibi də nəzərə alırıq. Həmin plan tərtib olunur.
- Rəşad Sadıqovla duelleriniz maraqlı olur. "Zirə"ni daha yaxşı incələyirsiz?
- Prinsipim Rəşadla deyil. Bu gün "Zirə" ilə "Araz-Naxçıvan" oynayırdı. Sadəcə hər ikimiz dinamik futbola üstünlük veririk. Əzmkarlıq öndə olur. Heç bir prinsip yoxdur. Biz də ilk qələbəmizi qazanmaq istəyirdik.
- Premyer Liqada qalmağı bacardınız, sabiq komandanız liqadan düşdü. Kaxaber Tsxadadze dedi ki, imicimi istifadə etdim bura gəlməklə. "Qəbələ"nin düşməsində sizin nə qədər payınız var?
-Payla ayırmazdım. Əlbəttə ki, mən də o komanda ilə uğurlara çatmışdım, o komandada məşqçi kimi püxtələşdim. Mənim də payım var. Amma klub kompleks işi tələb edir. Səbəblər çoxdur. Mən də səbəblərdən burada danışsam, uzanacaq. Mən özümü Kaxaberlə müqayisə etmək istəmirəm. Üzərimə düşənin ən yaxşısını kluba verməyə çalışırdım. Təbii ki, "Qəbələ"nin Azərbaycan futbolu üçün dəyərli, böyük klubdur. Heç kim istəməz ki, Premyer Liqadan getsinlər. Mən də istəyərəm yüksək liqada qalsınlar, inkişaf etsinlər.
-Hakimin şübhəli qərarları az deyildi. Bu haqda nə düşünürsüz?
- Qərəz yox idi, emosiya idi. Hakim bu oyunu normal idarə etdi. Oyunun nəticəsinə təsir edən səhvlər etmədi. Mənim fikrim başqadır, oyunu idarə edən hakimdir. O da öz işinin peşəkarıdır, qərarına hörmətlə yanaşmaq lazımdır.
- Rəşad Sadıqov bildirdi ki, indiki Hakimlər Komitəsini günahkardı, bəzi klubların hakimlərlə münasibətinin yaxşı olduğunu iddia etdi. Hakimlər bəzi klublara simpatiya göstərib?
- Səhv və qərəzli qərarlar başqa nüanslardır. "Qəbələ"də olanda da bizə qarşı simpatiya görmədim, "Araz-Naxçıvan"dayam, burada da görmədim. İsti münasibətlərini görmədim. İstəyərik ki, bütün komandalara yanaşma olsun. 10 komandanın heç birinin seçmək ixtiyarı yoxdur, hamısı əziz olmalıdır. Hamıya eyni gözlə baxılsa, daha yaxşıdır.