Azərbaycan millisinin sabiq futbolçusu Elşad Əhmədovun apasport.az saytına müsahibəsi:
-Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Qarabağ” – MOİK oyunu Xankəndidə keçiriləcək. Bu matçın işğaldan azad olunmuş şəhərdə təşkil edilməsini necə qarşıladız?
-Oyunun Xankəndində keçirilməsi çox gözəl fikirdir. Bu oyunu çox adam izləmək istəyərdi. İşğal olunmuş torpaqlarda komandalarımızın oynaması çox yaxşı təsir bağışlayacaq. Bütün şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Allah ordumuzu qorusun. Onların sayəsində biz işğal olunmuş torpaqlara səyahət edə, oraları ziyarət edə bilirik.
-Uzun illər formasını geyindiyiniz “Qarabağ” rəqibini məhz Xankəndidə qəbul edəcək...
-“Qarabağ”ın rəqibini Xankəndidə qəbul etməsi bir, rəqibinin MOİK olması başqa bir qürurdur. Çünki, Azərbaycan ordusunun komandasıdır. Bəlkə də, təsadüfən belə düşüb. Amma, ordumuzun orda “Qarabağ”la futbol oynaması, əminəm ki, hər kəsə çox gözəl təsir bağışlayacaq.
-Bu oyunu stadiondan izləməyi planlaşdırırsız?
-Hə, oyunu stadiondan izləyib- izləməyəcəyimi məndən çox adam soruşur. Təklif olsa, əlbəttə gedəcəm. Amma, hələ ki, bir təklif yoxdur. Qonaq qismində təklif gəlsə, məmnuniyyətlə gedib, baxaram.
-Gənc və yeniyetmə yaşlarında Xankəndi stadionunda oynamaq və ya hansısa oyunu izləmək imkanınız olub? Bu stadion barədə hər hansı xatirəniz var?
-Bəli, gənc yaşlarımda o stadionda iki oyun oynamışam. Xoş təsadüfdən iki oyun da mənim ad günümə - 11 sentyabra düşdü. 1986-cı il 11 sentyabrda mən Yevlaxda oynayanda Xocalının komandası ilə Azərbaycan kuboku matçına çıxmışıq. 1987-ci ildə Mingəçevirdə oyunda “Qarabağ” Xankəndiyə qarşı oynamışam. Xoş təsadüfdən ikisində də 11 sentyabrda, həmin meydançada, həmin gün olmuşam. Çox gözəl stadiondur, parkın içindədir. O vaxtlar meydança təbii ot idi, indi baxıram ki, süni meydança ilə əvəzləyiblər. Amma, ora təbii ot daha çox yaraşar.
-Hətta “Qarabağ”ın növbəti mövsümdən ev oyunlarını Xankəndidə keçirəcəyi barədə də xəbərlər yayılıb. Sizcə, Ağdam klubu “İmarət” tikilib hazır olanadək Bakıda oynamalıdır, yoxsa Xankəndidə?
-“Qarabağ”ın Xankəndiyə qayıdıb ev oyunlarını orda oynaması hələ ki, çətin məsələdir. Amma, istərdim ki, qayıdıb Ağdamda oynasınlar. Deyilənə görə, Ağdamda yeni stadion tikiləcək. İnşallah lap İmarətdə yox, başqa bir stadionda olsa belə, qayıdıb, oynayarlar. Yəni, “Qarabağ” Ağdamın komandasıdır. Xankəndidə yeni komanda yaransa və o şəhərdə oynasa, daha yaxşı olar.
-Necə düşünürsüz, yaxın gələcəkdə Xankəndidə Premyer Liqa səviyyəli klub yaradıla bilər?
-Bəli, çox istərdim Xankəndini təmsil edən komanda yaradılsın, adı da elə Xankəndi olsun . Başqa ad da lazım deyil. Xankəndi şəhəri üçün elə “Xankəndi” adında futbol komandası yaradılmalıdır.
- “Qarabağ” demişkən, onların Avropa Liqasındakı çıxışını necə qiymətləndirirsiz? Komandanın pley-off şansını necə görürsüz?
-Qarabağ”ın Avropa Liqasında oyununda bəxtinə inşallah ki, yaxşı bir komanda düşər. Hər rəqibi keçməyə qadirdir. “Bayer”lə oyun göstərdi ki, komanda çox gözəl oyun oynayır. Ümidvaram, tutarlı bir komanda düşər, onları da keçərlər.
-Bəs digər iki favorit - “Sabah”la “Neftçi”nin cari mövsümdəki çıxışı barədə nə düşünürsüz?
-“Sabah” və “Neftçi” hər ikisi çempionata zəif başladılar. Hələki stabil oynamırlar. İnşallah ki, oyunlarını tutarlar. Elə oyunları var ki, daha yaxşı oynayırlar, elə oyunlar da var ki, zəif görünürlər. Fikrimcə bunların və “Qəbələ”nin zəif oynamağı Avrokuboklarda oynaması ilə bağlıdır. Çünki, orda oynayan komandaların hamısı çempionatda uğursuz iştirak edir. Çox güman ki, çempionata yaxşı hazırlaşmadıqları üçün belə problemlər olur. Hər birinə uğurlar arzu edirəm.