Elvin Bədəlov: “Bizə mane olan yalnız özümüzük” - MÜSAHİBƏ
23.10.2023 - 13:33
Elvin Bədəlov: “Bizə mane olan yalnız özümüzük” - MÜSAHİBƏ

"Sumqayıt"ın futbolçusu Elvin Bədəlovun apasport.az saytına müsahibəsi

- "Sumqayıt" "Sabah"la matça yaxşı başladı, qol vurdu, amma sonda meydanı məğlubiyyətlə tərk etdi. Matçı özünüz üçün necə dəyərləndirirsiz?
- Ümumi götürsək, "Sabah"dan zəif oynamadıq. Başabaş oyun getdiyini demək olar. Hətta açıq futbol oynayırdıq. Heç də pis alınmadı. Təəssüf ki, ikinci hissədə qolu tez buraxdıq. Ondan sonra da bizə çətin oldu. İkinci qolu tez buraxmasaydıq, bəlkə də fərqli alınardı.

- Sizcə, nəyə görə hesabdakı üstünlüyü qoruya bilmədiniz və sizə nə mane oldu?
- Bizə mane olan yalnız özümüzük. Bilirik ki, daha da yaxşı ola bilərik. Sadəcə daha çox çalışmalıyıq ki, 90 dəqiqə oyunumuzu nəzarətdə saxlaya bilək. Ümidvaram ki, hər şey daha yaxşı alınacaq.

- "Sumqayıt"ın bu mövsümdəki uğursuz çıxışını nə ilə əlaqələndirirsiz? Gözləntiləri qarşılaya bilmirsiz....
- Uğursuz çıxış deyəndə ki, ötən mövsümlə müqayisədə qat-qat yaxşı oynayırıq. Komanda kimi inkişaf edirik. Bu da göz qabağındadır. Bu cür davam etsək, qələbələr gələcək. biz demək olar ki, komandanı 70 faiz dəyişdik. Komandamızın oturuşması üçün bizə vaxt lazımdır.

- Hazırda komanda yeddinci pillədədir. Yəqin ki, sizi razı salan mövqe deyil? Bu mövqedən yuxarıya yüksəlmək şanslarınızı necə dəyərləndirirsiz? 
- Əlbəttə ki, hazırkı mövqeyimiz bizi razı salmır. Amma sırf oyunumuza diqqət etsək, biz daha da yuxarılarda olmalıyıq. Hələ ikinci dövrə yeni başlayıb, hər şey qarşıdadır. Mümkünsüz heç nə yoxdur. Çalışmalıyıq ki, maksimum üst pillələri tutaq. Mən buna çox inanıram. Çünki oyunumuz yaxşıdır və zamanla daha da yaxşı olacaq.

- Turnir cədvəlindən söz düşmüşkən, ölkə çempionatına "Zirə"nin başçılıq etməsi sizin üçün gözlənilməz oldu?
- "Zirə" mövsümə çox yaxşı başladı. Bu gedişatı da qoruyub-saxlaya bilir. Stabillik isə sürpriz deyil. Çünki iddialıdırlar, qarşıda hələ çox oyunlar dayanır. İndidən nəsə demək çətindir. 

- Maraqlıdır ki, növbəti oyununuz da birinci dövrədən təxirə düşmüş matçda "Sabah"a, ardınca son pillələrdə qərarlaşan komandalardan biri "Qəbələ"yə qarşıdır. Bu görüşlərdə qələbə qazanmaq mümkün olacaq?
- Hər iki oyunu evdə keçirəcəyik. Məqsədimiz altı xal qazanmaqdır. "Sabah" və "Qəbələ" ilə görüşlərdə meydana yalnız qələbə üçün çıxacağıq. Başqa variant ola da bilməz. Komandama tam inanıram. Biz bunu bacara bilərik.
 

writer photo
Əlirza Əlirzalı
0