Elvin Bədəlov: “Rusiyada onları tapmaq lazımdır” - MÜSAHİBƏ
31.12.2022 - 17:28
Elvin Bədəlov: “Rusiyada onları tapmaq lazımdır” - MÜSAHİBƏ

“Sumqayıt”ın müdafiəçisi Elvin Bədəlovun apasport.az saytına müsahibəsi 

- "Sumqayıt" ili məğlubiyyətlə başa vurdu. Son turda evdə "Sabah"a 0:6 uduzdunuz. Səncə, komandanın bu hesabla uduzmasının əsas səbəbi nə idi?
- Bu cür hesabı heç kim gözləmirdi. Düzdü, “Sabah” bu il çox yaxşı komanda formalaşdırıb, onlara qarşı oynamaq çətindir. Amma biz evdə son qarşılaşmada qalib gəlmək istəyirdik. Oyunumuz isə ilk dəqiqələrdən elə alınmadı. Sonradan isə oyuna qayıtmaq çətin oldu. Belə hallar bəzən yaşanır. Nə etmək olar, qarşıdakı oyunlara baxmalıyıq.

- "Sabah" bu mövsüm çempionluq mübarizəsində yer alan komandalardandır. Həm "Qarabağ", həm də "Sabah"a qarşı oynamısan. Səncə, hansı daha güclüdür və hansına qarşı oynamaq daha ağırdır?
- Hər iki komandaya qarşı oynamaq çətindir. Amma mən daha çox “Qarabağ”ı qeyd edərdim. Həqiqətən onlara qarşı mübarizə aparmaq asan deyil.

- "Sumqayıt" Premyer Liqanın ilk yarısını 8-ci pillədə bitirdi. Necə düşünürsən, komanda mövsümün ilk yarısını necə oynadı? Səncə, daha yaxşı çıxış etmək mümkün idi? 
- Təbii ki, turnir cədvəlində 8-ci pillədə yer almaq heç kimə xoş deyil. Bizə yaraşan yer deyil. Amma bu cür periodlar zaman-zaman hər bir komandanın başına gəlir. Qışdan sonra vəziyyətin düzələcəyinə çox inanıram. 

- Aleksey Baqanın baş məşqçi postuna gəlişindən komanda ümumiyyətlə qələbə qazana bilmirdi. Belaruslu mütəxəssislə komandanın uğur qazana bilməməsi səncə nədən irəli gəlirdi? 
- Aleksey Baqa yaxşı məşqçidir. Sadəcə, onun buradakı işi alınmadı. Biz də çox təəccübləndik. Halbuki, bu adam əlindən gələni edirdi. Amma həqiqətən çox yaxşı məşqçidir. 

- Fasilədən sonra qışa qədər olan "Sumqayıt"ın tam əksini görmək olar? 
- Bu mövsümü xilas edə bilərik. Ona inanırıq. Çalışacağıq ki, vəziyyəti düzəldək. Məqsədimiz də budur. Yeni mövsümdən “Sumqayıt” yəqin ki, yenə avrokubok üçün oynayacaq.

- Uzun illərdir ki, "Sumqayıt"da oynayırsan. Maraqlıdır, başqa klublardan təklif gəlmir? 
- Məni burada hər şey qane edir. Sumqayıt futbol şəhəridir. İnanın, burada oynamaq mənə çox xoşdur. O ki qaldı, təkliflərə, onu mən açıqlaya bilmərəm. “Sumqayıt”da özümü xoşbəxt hesab edirəm.

- Milli komandanın bir ara əsas üzvlərindən idin. Tez-tez yığmaya dəvət olunurdun. Amma həmin dönəmdə baş məşqçi sənə əsas heyətdə yer verdiyi üçün bəzən tənqid olunurdu. Hazırda komandadan kənarda qalmağında bu rol oynaya bilər?
- Kənar söhbətlərdən həmişə uzağam. Nə vaxt formada oldum, yaxşı oyun göstərdim, milliyə dəvət alırdım. Həmişə də fəxr edirəm ki, millidə oynayıram. Zədə səbəbindən millidən kənarda qaldım. Çünki formada deyildim, təzə-təzə forma yığmaya başlayıram. İnanıram ki, performansımı artırsam, yenə də milliyə dəvət olunacam.

- Ramil Şeydayev kimi sən də "Zenit" futbol məktəblərinin yetirmələrisiz. U-19 və U-21 yığmamızın sabiq üzvü Vadim Ağarəhimovun da adını çəkmək olar. Maraqlıdır ki, son illərdə "Zenit" akademiyasında sanki azərbaycanlı yoxdur. Ola bilər ki, artıq bu şəhərdə futbolla məşğul olan həmyerlilərimiz azalıb?
- Rusiyada azərbaycanlı uşaqlar futbolla məşğul olur. Orada həmyerlilərimiz az deyil. Təkcə “Zenit”də yox, digər klublarda da azərbaycanlılara rast gələ bilərsiniz. Rusiyada yaxşı azərbaycanlı futbolçular yetişir. Sadəcə onları tapmaq lazımdır.
 

writer photo
Əlirza Əlirzalı
0