Minifutbol üzrə Azərbaycan milli komandasının aparıcı üzvü Elvin Əlizadə apasport.az saytına müsahibə verib.
- İtaliyaya qarşı matç necə alındı? Qalib gəlsəz də, asan olmadı. Bu qədər çətin keçməsinin səbəbi nə idi?
- Elə də asan alınmadı, bir az çətin oldu. Amma çox da yox. İstədiyimiz futbolu tam oynaya bilmədik. Futboldur da, bütün güclü komandaların başına gəlir. İtaliya pis rəqib deyil, yaxşı komandadır. Düzdür, burada nisbətən zəif rəqiblər var. Amma çox azdır. Bizim qrupda ümumiyyətlə zəif komanda yoxdur. Bütün görüşlər çətindir.
- Belçika ilə görüşdə daha yaxşı, istədiyiniz kimi alınmışdı oyun, yoxsa İtaliyaya qarşı?
- Əlbəttə ki, Belçika ilə matçda. Hesab da, oyun da onu göstərir. İtaliya ilə oyunda da qol epizodlarımız var idi. Demək olar ki, biz oynadıq. Rəqibin bir-iki epizodu oldu, o da 100 faizlik deyildi. Sadəcə qapıçımızda 1-2 səhvlər oldu. O da futboldur da, belə hallar baş verir. Heç kim bundan siğortalanmayıb, hamının başına gələ bilər.
- Demək olar ki, millimiz artıq qrupdan çıxmaq hədəfinin öhdəsindən gəldi. Səncə, bunu minimum güc qarşılığında etdiz, yoxsa olduqca çox güc sərf etmisiz?
- Əlbəttə ki, biz hələ o qədər də güc itirməmişik. Bu gün Fransa ilə görüşə də daha rahat çıxacağıq. Çünki qrupdan çıxmağı təmin etmişik. Çalışacağıq ki, Fransanı da udaq. Şübhəsiz ki, daha az oynayanlardan istifadə edəcəyik.
- Turnirin təşkilatçılığı hansı səviyyədədir? Ot örtüyündə oyunun gedişində problem yaşandı. Üstəlik, azarkeş marağı da yüksək deyil...
- Yox, turnirin təşkilatçılığı yaxşı səviyyədədir. Ot örtüyündə yüngül problem idi, o da yoluna qoyuldu. Elə də ciddi problem deyildi. Azarkeş marağına gəlincə, yəqin ki, Bosniya və Herseqovinada minifutbola həvəs azdır. Ola bilər ki, burada minifutbol populyar deyil. Yəqin ki, ondandır. Amma belə təşkilatçılıq yaxşı durumdadır.
- 2022-ci ildə Avropa çempionu olduğunuz vaxtda işləriniz daha yaxşı gedirdi, yoxsa indi? Millimizin bu dəfə daha güclü olduğunu hesab edirsən, yoxsa rəqiblər çox güclənib?
- 2022-ci ildə də işlərimiz normal idi. Amma Slovakiyadakı turnirdə hətta məğlubiyyətlə başlamışdıq. İndi işlərimiz daha yaxşı başlayıb. Mənə görə, millimiz indi daha güclüdür.
- Digər rəqiblərin də oyunlarına baxırsız. Səncə, onlar arasında hansı komanda daha güclüdür və millimizə rəqib ola bilər?
- 24 komandanın bəlkə də, 5-6-ı bir az aşağı səviyyədədir. Qalanları isə çox yaxşı gəliblər. Daha güclü həmişəki kimi, Rumıniya, Çexiya, Slovakiya, Bolqarıstan, Qazaxıstandır. Portuqaliya da yaxşı komanda idi, sadəcə futbol bəxtsizliyi yaşadılar. 2:0 udduqları oyunda 2:3 uduzdular. Çox yaxşı oynayırdılar, sadəcə onlarda alınmadı. Həmişəki 5-6 milli ən güclülərdir. Bir sıra komandalar var ki, minifutbolda inkişaf ediblər. Neçə illərdir ki, oynayırlar. Avropa çempionatında asan rəqib yoxdur, biz yolumuza baxırıq, fokuslanmışıq ki, istədiyimiz nəticəyə doğru gedək.