“Qarabağ”ın Avropa təcrübəsi var, pley-off mərhələsini də adlaya bilər”
Bu sözləri “Qarabağ”ın veteran futbolçusu Emin İmaməliyev apasport.az saytına açıqlamasında deyib.
O, Ağdam klubunun Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanmasından danışıb:
“Qarabağ” ailəsini bu tarixi uğura görə təbrik edirəm. Böyük uğurdur. Allah qoysa, davamı gələr. “Qarabağ” “Hakken”ə qarşı çox yaxşı oynadı. Bunun da nəticəsində qələbə qazandı. Komandamız qrupda keçirdiyi altı oyunun hamısında layiqli oyun göstərdi. Elə buna görə də qrupdan ikinci olaraq çıxdılar”.
İmaməliyevin fikrincə, “Qarabağ” pley-off mərhələsində də uğurlu çıxış edə bilər: “Transferlərlə bağlı heç nə deyə bilmərəm. Çünki “Qarabağ”ın məşqçilər korpusu var. Ehtiyac olarsa, yəqin ki, komandanı gücləndirərlər. Amma mənə elə gəlir ki, “Qarabağ”ın yaxşı, oturuşmuş heyəti var. İnanıram ki, təmsilçimiz pley-off mərhələsində də rəqibdən asılı olmayaraq, yaxşı oyun göstərərək, daha bir tarix yazacaq.
Çempionlar Liqasından gələn komandalar asan rəqiblər deyil. Orada elə klub var ki, bəlkə də qarşısına ÇL-in qrupundan çıxaraq, finala qədər irəliləməyi məqsədi qoymuşdu, amma üçüncü yeri tutaraq Avroliqada oynayacaqlar. “Qarabağ”a inanıram. Asan oyunlar olmayacaq, hamısı güclü rəqiblərdir. “Qarabağ”ın Avropa təcrübəsi var. İnanıram ki, komandamız layiqli müqavimət, oyun göstərib, pley-offu da qələbə ilə adlaya bilər. “Qarabağ”a uğurlar arzulayıram”.