“Neftçi”nin kapitanı Emin Mahmudovun apasport.az saytına müsahibəsi
- Misli Premyer Liqasının XV turunda “Səbail”lə görüşdə (3:1) həm karyeranızda ilk dəfə het-trik etdiniz, həm də son 10 ildə “Neftçi”nin heyətində ilk het-trikin müəllifi oldunuz. Hansı hissləri keçirirsiniz?
- Əlbəttə ki, het-trik etdiyim üçün çox şadam. Açığı, bir matçda 3 qol vurmaq elə də asan deyil. Bunu bacaranlar arasında mənim də adımın olması sevindiricidir. Amma hər şeydən önəmlisi qələbə qazanmaq idi. Düzü, 2:0 hesabı ilə önə keçdikdən sonra rəqib daha yaxşı oynamağa başladı. Ancaq yenə də qalib gəlməyi bacardıq.
- 9 qola imza atmaqla karyeranızın ən məhsuldar mövsümünü keçirirsiniz. Yaşınız artdıqca daha məhsuldar oynamağınız nə ilə bağlıdır?
- Niyə ildən-ilə daha çox qol vurduğumu deyə bilmərəm. Əvvəlki illərlə müqayisədə indi hücumda daha çox oluram. Bəlkə bunun rolu var. İrəli çıxanda daim zərbə üçün boş zonalar axtarıram və imkan düşən kimi də qapını nişan alıram.
- Akrobatik tullanışla vurduğunuz top olduqca baxımlı alındı. Ümumiyyətlə, karyeranızın ən gözəl qolu hansını sayırsınız?
- Düzdür, bu, ən gözəl qollarımdan biri oldu. Bəlkə millinin heyətində ötən il İrlandiya (1:1) ilə matçda vurduğum qolla müqayisə etmək olar. “Səbail”lə qarşılaşmadakı qol daha çətin idi. Amma İrlandiyanın qapısından keçirdiyim top atmosferə və böyük oyun olması baxımından mənim üçün çox dəyərlidir.
- Növbəti tur çərçivəsində dekabrın 2-də “Qarabağ”ı qəbul edəcəksiz. Bu matçın əhəmiyyəti nə dərəcədə vacibdir?
- Biz təkcə “Qarabağ”la görüşdə yox, hər oyunda yalnız qələbə qazanmalıdır. Meydana çıxdığımız zaman əlimizdən gələni etməliyik. “Qarabağ”la matçlar hər zaman maraqlıdır. Qələbə qazanmaq üçün maksimum dərəcədə diqqətli olmalıyıq.
- İlin sonuna qədər “Qarabağ”la oyun, Tovuz səfəri və “Zirə” ilə kubok matçları keçirəcəksiniz. Bu görüşlərin hansından daha çox ehtiyatlanırsınız?
- Hər oyun çətin olacaq, buna əminəm. Çempionatda asan matç olmur. Ancaq buna hazır olmalı və məqsədimizə çatmalıyıq.
Ruslan Sadıqov