“Qarabağ”ın gücü sistemindədir. Rusiyada onları sadəcə olaraq izləmirlər. Əgər baxsaq, onlar istənilən rəqibə qarşı öz futbolunu oynayır”.
Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin futbolçusu Emin Mahmudov deyib.
Rusiyanın “sports.ru” nəşrinə müsahibə verən yarımmüdafiəçi Azərbaycan çempionu “Qarabağ”ın gücündən bəhs edib: “Onlar Avropada “Ferensvaroş” və “Olimpiakos”u asanlıqla məğlub edir. “Frayburq” son dəqiqələrə qədər müdafiə olunurdu. “Qarabağ” rəqiblərini öz istədiyi kimi oynamağa – topsuz qaçmağa vadar edir. “Zenit” gəlsə, onu da məcbur edər. “Qarabağ” Rusiya çempionatında 100 faiz çempionluq üçün mübarizə aparardı. Bunu ciddi deyirəm. Rusiyanın hansı klubu Avropa Liqasında onlar səviyyəsində oynayıb ki?”.
Emin “Qarabağ”ın avrokuboklardakı uğurunu Rusiya klublarının nəticələrindən üstün sayır: “Rusiya klubları bir iki oyun udur, qrupu keçir və bayramdır. Konfrans Liqasında iki komanda keçə də bilmədi. “Qarabağ” hər il son raunda qədər irəliləyir. Bu il onlar Polşa çempionunu 5:1, İsveçrə çempionunu 3:2, Macarıstan çempionunu səfərdə 3:1 hesabı ilə məğlub etdilər. Əgər onlar böyük klubun forması ilə meydana çıxsalar, insanlar fərqi hiss etməz. Onların sponsoru ərzaq malları ilə məşğul olan Türkiyə holdinqidir”.
Mahmudov digər klubların durumuna da toxunub: “SOCAR hamıya kömək edir. Onlar federasiyaya pul verir və qurum bunu çempionat iştirakçıları arasında bölüşdürür. Yalnız “Qarabağ”la Murad Musayevin çalışdığı “Sabah” özəl klublardır”.