Əmrah Çəlikəl: "Futbolçularla danışıqlar davam edir" – MÜSAHİBƏ
17.12.2022 - 20:34
Əmrah Çəlikəl: "Futbolçularla danışıqlar davam edir" – MÜSAHİBƏ

Bu gün “Qarabağ”ın futbolçuları Qara Qarayev və Kadi Borqes klubun “Park Bulvar”dakı fan-şopunda qonaq olub, azarkeşlərlə görüşüblər.

Apasport.az xəbər verir ki, tədbirdə iştirak edən Ağdam klubunun icraçı direktoru Əmrah Çəlikəl jurnalistlərin suallarını cavablandırıb:

– İlk növbədə bu tədbiri keçirməkdəki məqsədinizi bilmək istərdik…
– Məqsədimiz odur ki, sevimli futbolçularımız öz azarkeşləri ilə görüşsünlər, onlarla şəkil çəkdirib, imza paylasınlar. Əsas məqsəd futbolçuların öz azarkeşləri ilə daha yaxın olmasına nail olmaqdır.

– Bildiyim qədərilə ilk belə tədbirdir. Bu qədər izdiham olacağını gözləyirdiniz?
– Bəli, ilk dəfədir. Etiraf edim ki, biz də belə izdiham olacağını gözləmirdik, bunu hesablamamışdıq. “Qarabağ”ın hər bir futbolçusu Azərbaycan xalqı tərəfindən çox sevilir. Amma bu da bizim üçün təcrübə oldu. Bu birinci dəfə idi. Bəzi qüsurlar, gözlənilməz problemlərlə üzləşdik. Ancaq əsas odur ki, buraya olan maraq çox böyükdür. Bu da bizim üçün bir stiumul oldu ki, tez bir vaxtda daha böyük tərkibdə belə bir tədbir keçirək.

– “Qarabağ”a yeni transferlər gözlənilirmi?
– Transfer məsələləri baş məşqçimizin səlahiyyətindədir. Bizim işimiz sadəcə, onun istədiklərini icra etmək, Qurban Qurbanovun göstərdiyi futbolçuları heyətimizə qatmaqdır. Bu məsələ yalnız yay və qış fasilələrində yox, hər gün gündəmimizdədir, hər zaman çalışmalarımız davam edir. Ancaq hazırda danışıq apardığımız futbolçular yoxdur. Lakin bu olmayacağı anlamına da gəlmir.

– Marko Veşoviç və müqaviləsinin müddəti bitmək üzrə olan digər futbolçularla bağlı vəziyyət nə yerdədir? Onlarla danışıqlar aparılırmı?
– Bildiyiniz kimi, ötən gün 4 gənc futbolçu ilə yeni 3.5 illik müqavilə bağladıq. Bu yöndə də işlərimiz davam edir. Futbolçularla və onların menecerləri ilə danışıqlar davam edir. Veşoviçlə də həmçinin.

– Yeni forma satışı olacaqmı?
– Əlbəttə, olacaq. Biz hansı futbolçunu transfer ediriksə, ilk növbədə onların formalarını satışa çıxarmağa üstünlük veririk. Bu gün tam səmimiyyətimlə etiraf edirəm ki, fan-şopumuzla bağlı çatışmazlıqlarımız var. Bu tədbir həm də bizim üçün bir sınaq idi. Ən yaxın zamanda bu əlavə tələbləri də nəzərə alaraq yenidən azarkeşlərimizin görüşünə gələcəyik (fanat.az).

writer photo
Əlirza Əlirzalı
0