Azərbaycan millisinin futbolçusu Mahir Emreli unikal göstəriciyə imza atıb.
Apasport.az saytının məlumatına görə, 26 yaşlı hücumçu 4 müxtəlif ölkənin liqasında qol vurmağı bacarıb.
Azərbaycan Premyer Liqasında özünü yaxşı tərəfdən göstərdikdən sonra legioner həyatı yaşayan forvard Polşa, Xorvatiya və Türkiyə çempionatlarında da fərqlənib. Mahir “Legiya” və Zareb “Dinamo”sunun ardınca “Konyaspor”da da qol hesabını açıb. “Adana Demirspor”la görüşdə fərqlənən hücumçu qol vurduğu liqaların sayını 4-ə çatdırıb.
Onun qol vurduğu liqaların hamısı Avropanın “Top-30”unda yer alır. Emreli “Köhnə qitə”nin dörd fərqli liqasında qol vuran ilk Azərbaycan futbolçusudur. Söhbət yerli futbol məktəbinin yetirmələrindən gedir.
Düzdür, Vəli Qasımov SSRİ, Rusiya, İspaniya və Portuqaliyada buna nail olub. Lakin əksər mənbələrdə Rusiya liqası SSRİ çempionatının varisi hesab edilir.
Digər oyunçularımıza gəlincə, Azərbaycandan kənarda olan azsaylı legionerlərimizdən üç fərqli ölkədə nəinki qol vurmaq, hətta oynamaq da hər kəsə nəsib olmayıb.
Təbii ki, heç öz çempionatımızda sözünü deyə bilməyən və dünyanın müxtəlif zəif liqalarını gəzərək ekzotik futbol ölkələri görənlər nəzərə alınmır. Hər halda, Kosovo, Şimali Makedoniya, Gürcüstan, Estoniya, Finlandiya kimi liqalar Avropada ciddi qəbul olunmur. Həmçinin də Özbəkistan, Nepal kimi Asiya ölkələrinin çempionatları.
Qeyd edək ki, Mahir Türkiyə Super Liqasındakı 4-cü matçında qol vurub.